Bakı rayonlarında boş torpaq böhranı yaranır

31 May 2012 20:11 (UTC+04:00)

Bakı şəhərində daşınmaz əmlakın qiyməti baha olaraq qalır. Vətəndaşların mənzilə olan tələbatı günü-gündən artdıqca, torpaq və mənzillərin qiymətləri də bahalaşır.

Aparılan araşdırmalar da göstərir ki, 2012-ci ilin birinci yarısında qiymətlərdə artım müşahidə olunur.

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin apardığı monitorinqlər nəticəsində məlum olub ki, aprel-may alarında Bakı şəhərinin torpaq bazarında bağlanılan əqdlərin sayında və torpaqların orta qiymətində artım baş verib. Paralel olaraq torpağın satış müddəti də ötən aya nisbətən 2,3% azalıb.

Aprel ayı ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 0,6% artaraq 14 875 dollar/sot səviyyəsindən 14 966 dollar/sota qalxıb. Bu, son il yarımda torpağın ən yüksək qiymətidir. Qiymət artımının əsas səbəbi paytaxtda mənzil söküntüsünün aparılmasının fərdi-yaşayış evlərinə və sənədli torpaq sahələrinə tələbi artırması olub.

Məlumatda həmçinin qeyd olunur ki, Bakı şəhəri üzrə əksər rayonlarda qiymət artımı müşahidə olunub. Ən çox qiymət artımı Qaradağ rayonunda (2,1%) qeydə alınıb. Hazırda torpaq bazarında ən aktiv rayonlar Binəqədi və Qaradağ, ən passiv rayon isə Nərimanov rayonudur. Aprel ayında torpaq bazarına təklif olunan ən bahalı torpaq sahəsi 350 min dollar/sot Nəsimi rayonunda (Çay Fabrikinin yaxınlığı), ən ucuz torpaq sahəsi isə 350 dollar/sot Abşeron rayonunda (Pirəkəşkül qəsəbəsi) qeydə alınıb.

Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, şəhərin mərkəzində sotu 350 min dollara təklif olunan torpaq sahəsi bir ildən yuxarıdır ki, satışda olsa da, hələ də alan olmayıb. Belə olan təqdirdə qiymətin düşməməsi və hətta artması başadüşülən deyil. Bazar qayda-qanunlarına uyğun olaraq əgər satışda olan məhsul uzun müddətinə alınmadıqda qiyməti aşağı düşür. Amma Nəsimi rayonunda torpağın sotunu 350 min dollara təklif edən sahibkarın bu qərara hansı məntiqlə gəlməsi düşündürücüdür.

Belə qənaətə gəlmək olar ki, paytaxtda torpağın qiymətini maksimum həddə təklif edənləri əmlakın satılıb-satılmaması o qədər də maraqlandırmır. Onlar qiyməti yüksək həddə saxlamaq, ucuzlaşmanın qarşısını almaqla süni bahalaşma mühiti yaradırlar.

Daşınmaz əmlak bazarı üzrə ekspert Ramil Osmanlı qəzetimizə açıqlamasında öncə qiymətin bahalaşmasının səbəblərinə toxundu. Bildirdi ki, şəhərin mərkəzində boş torpaq sahələrinin həcmi günü-gündən daralır. Nəsimi, Səbail və Nərimanov rayonlarında boş torpaq böhranı yaşanır: "Şəhərin mərkəzi hissələrində söküntü işlərinin aparılması torpağa olan təlabatı artırır. Bilirsiz ki, dövlət evi sökülən vətəndaşlara mənzilin kvadratına görə 1500 manat pul təklif edir. Əksər vətəndaşlar həmin pulla sökülən evin yaxınlığında torpaq sahəsi almaq istəyir ki, bu da təklif olunan torpaqların qiymətinə təsir göstərir".

Nəsimi rayonunda satılan torpağın sotunun 350 min dollar olmasına gəlincə, ekspert burada birmənalı şəkildə süni qiymət artımının olduğunu deməyə çətinlik çəkdi: "Həmin torpaq sahəsi bir ildən yuxarıdır ki, satışdadır. Keçən il həmin torpağın sotu 250 min manata təklif olunurdu. Bir il ərzində isə əhəmiyyətli dərəcədə bahalaşıb. Məntiqdə, torpaq satılmadığı halda qiyməti ucuzlaşmalı idi. Görünür, sahibkarın pula o qədər də ehtiyacı yoxdur. Amma bu gün şəhərin mərkəzində torpağın sotunun 350 min dollara olması müasir daşınmaz əmlak bazarının tələblərinə tam uyğundur. Həmin ərazi şəhərin birinci zonasına aiddir. Həmin zonada boş torpaq sahələrinin həcmi çox məhduddur. Təklif azaldıqca, tələb artdıqca qiymətlər də bahalaşır. Bu heç də o demək deyil ki, Bakıda ən bahalı torpağın sotu 350 min dollardır. Biz sadəcə, satışa çıxarılan torpaqların qiymətlərini qeydə alırıq. Sabah "Sahil" metrosunun yaxınlığında kimsə torpağın sotunu 500 min manata sata bilər. Bu mümkündür. Bakı bahalı şəhərdir və onun mərkəzində qiymətlərin kəllə-çarxda olmasına məntiqlə yanaşmaq lazımdır".

R.Qaçayoğlu