Qəbələdə İstirahət Kompleksinin açılışı olub
3 Yanvar 2014 21:01 (UTC+04:00)
Yanvarın 3-də Qəbələdə "Tufan" Dağ-Xizək Yay-Qış
İstirahət Kompleksinin birinci mərhələsinin açılışı
olub.
ANS PRESS-in verdiyi məlumata görə, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva
mərasimdə iştirak etmişlər.
Son illər iqtisadi inkişaf templərinə görə dünyada
ön sırada olan Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi
diqqət göstərilir. İqtisadiyyatımızın neft amilindən asılılığının
azaldılmasına xidmət edən qeyri-neft sektorunun inkişafı indi bir
çox sahələrin tərəqqisi ilə müşayiət olunur. Prezident İlham Əliyev
bir neçə mühüm sahə ilə yanaşı, Azərbaycanda turizmin inkişafını da
qeyri-neft sektorunun əsas sahələrindən biri elan etmişdir və bu
istiqamətdə atılan addımlar artıq öz bəhrəsini verir. Qəbələdəki
"Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi bu sırada mühüm yer
tutur. Bu iri kompleksin inşası göstərir ki, Azərbaycanda turizmin
inkişafına və bu sahədə infrastrukturun yaradılmasına xüsusi diqqət
göstərilir. Paytaxt ilə yanaşı, indi bu prosesə regionlar da cəlb
olunmuşdur və bölgələrimizdə irimiqyaslı turizm layihələri icra
edilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı
tədbirlərin həyata keçirilməsinin nəticəsidir ki, son bir neçə ildə
dünyanın ən məşhur otel brendləri Azərbaycana gəlmiş, ölkədə
çoxsaylı beşulduzlu otellər istifadəyə verilmişdir. 2011-ci il
Azərbaycanda "Turizm ili" elan edilmişdir. Son iki ildə inşası
sürətlə davam edən "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi də
ölkəmizdə turizmin yeni istiqamətinin meydana çıxması baxımından
xüsusi əhəmiyyətə malikdir. Dövlətimizin başçısı respublikanın
bütün regionlarına olduğu kimi, Qəbələyə etdiyi mütəmadi səfərlər
zamanı kompleksə gələrək burada aparılan tikinti işlərinin gedişi
ilə tanış olmuşdur.
Layihə çərçivəsində indiyədək "Tufan" Dağ-Xizək
Yay-Qış İstirahət Kompleksində nəhəng infrastruktur yaradılmış,
avtomobil yolunun çəkilməsi, torpaq sürüşmələrinin qarşısının
alınması üçün mühafizə tədbirləri görülmüşdür. Ərazidə insanların
rahat istirahəti üçün hər cür şəraitə malik infrastrukturun, o
cümlədən mehmanxana, ofislər, uşaqlar üçün istirahət guşəsi və
digər müvafiq obyektlərin yaradılması istiqamətində işlər davam
etdirilir. Xizək kompleksinə yaxın ərazidə "Qolf resort" idman və
istirahət mərkəzinin tikintisi də nəzərdə
tutulmuşdur.
Prezident İlham Əliyev "Tufan" Dağ-Xizək Yay-Qış
İstirahət Kompleksinin birinci mərhələsinin açılışını bildirən
lenti kəsdi.
Qeyd edildi ki, kompleksin tikintisinin birinci
mərhələsi çərçivəsində dörd kanat xətti tam inşa olunmuş, on xizək
yolundan beşində inşaat işləri başa çatmışdır. Digər işlər isə
mərhələli şəkildə həyata keçirilir. Bu qış mövsümündə kanat
xətlərində gəzinti, xizəklə sürüşmək və iaşə obyektlərinin
xidmətlərindən istifadə etmək mümkün olacaqdır. Burada turistlərin
istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlar da
yaradılmışdır. Ümumiyyətlə, bu nəhəng istirahət məkanı ilin bütün
fəsillərində turistlərə kanat gəzintisinə, qış mövsümündə xizəklə
sürüşməyə, xizəkçilik məktəbindən, otel və digər xidmətlərdən
istifadə etməyə imkanlar verir.
Prezident İlham Əliyevə kompleksin yönləndirici
planı və ikinci mərhələ çərçivəsində görüləcək işlər barədə məlumat
verildi.
Bildirildi ki, kompleksin əhəmiyyətini artıran
mühüm amillərdən biri də burada turistlərin trassa sistemini
özlərinə uyğun seçmək imkanlarının olmasıdır. Hər bir qonaq enmə
zolağı, maillik və çətinlik dərəcəsinə görə trassa seçə bilər.
Bütün dağ-xizək trassası süni qar yaratma generasiya sistemi ilə
təchiz edilmişdir. Bütünlükdə "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət
Kompleksi gün ərzində üç min nəfərə xidmət göstərmək imkanına
malikdir.
Bu layihənin reallaşdırılması respublikada
dağ-xizək idmanı və digər qış idman növlərinin inkişafı üçün də
hərtərəfli imkanlar açır. Bu, gələcəkdə qış idman növlərində milli
idmançılarımızın yetişməsində əvəzsiz rol
oynayacaq.
Azərbaycan isti iqlim qurşağında yerləşməsinə
baxmayaraq, nadir ölkələrdəndir ki, ən yüksək dünya standartlarına
cavab verən nəhəng qış turizm infrastrukturları və kompleksləri
yaradır. Bu da təbii ki, ölkəmizin hərtərəfli sürətli iqtisadi
tərəqqisinin, turizmin inkişafına dövlət səviyyəsində göstərilən
diqqətin təzahürüdür.
Həm Qusar rayonundakı "Şahdağ" Qış-Yay Turizm, həm
də Qəbələdəki "Tufan" Dağ-Xizək Qış-Yay İstirahət komplekslərində
görülən işlər Azərbaycanın turizmin inkişafı sahəsində əldə etdiyi
uğurların miqyasını göstərir. Prezident İlham Əliyevin
uzaqgörənliyi sayəsində Qəbələdə bir neçə il əvvəl turizmin
inkişafı ilə bağlı görülən işlər, bu çərçivədə onlarla otelin
tikilməsi də indi bu prosesə mühüm töhfə verir.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban
Əliyeva kompleksin "Riverside" kanat xəttinin aşağı stansiyasında
oldular. Bu stansiyanı kompleksin girişi də adlandırmaq olar.
Burada turistlərin istirahəti üçün hər cür şərait yaradılmış,
xizəklərin satışı və kirayəsi xidmətlərini göstərən ayrıca bölmə
qurulmuşdur. Bundan əlavə, ərazidə idman malları mağazası və kafe
də fəaliyyət göstərir.
Yaradılan şərait bir daha təsdiqləyir ki, artıq
turistlər ilin bütün fəsillərində Qəbələyə qonaq gələcəklər. Yay
mövsümündə minlərlə qonağı qarşılayan Qəbələ bundan sonra qışda da
turistlərin maraq göstərdiyi əsas məkanlardan birinə çevriləcək.
Artıq "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi ölkəmizin
turizm brendi kimi çıxış etməyə başlayıb.