Voleybolçularımızdan möhtəşəm uğur
6 Yanvar 2014 10:47 (UTC+04:00)
Qadın voleybolçular arasında Bakıda keçirilən dünya çempionatının
III mərhələsinin J qrupunun oyunlarına yekun vurulub. Apasport.az
saytının məlumatına görə, yanvarın 5-də son turun oyunları
keçirilib. Voleybol Mərkəzində keçirilən yarışın III turunda öncə
İsrail və Estoniya milliləri münasibətlərinə aydınlıq gətiriblər.
Oyun birincilərin "quru hesab"lı qələbəsi ilə başa çatıb.
Ardınca Azərbaycan millisi Serbiya ilə üz-üzə gəlib. Hər 2 komanda
ilk 2 turu qələbə ilə başa vurduğundan oyun xüsusi əhəmiyyət
daşıyırdı. Matç Faiq Qarayevin yetirmələri üçün yaxşı
başlamayıb. Lakin hesabda 2 dəfə geri düşən voleybolçularımız
yekunda lazımi qələbəni qazanıblar. "Tay-brek"də rəqibindən üstün
olan komandamız qrup qalibi kimi mərhələ adlayıb. Bununla da,
yığmamız mundialın final mərhələsində üçüncü dəfə oynamaq hüququ
qazanıb.