Qanunsuz aksiya iştirakçıları zorla özlərini polislərə sürtürlər
31 May 2012 20:28 (UTC+04:00)
Qanunsuz aksiya iştirakçıları zorla özlərini polislərə sürtürlər.
Bu fikirləri Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini,
millət vəkili Siyavuş Novruzov hakim partiyanın saytına
müsahibəsində bildirib. Deputat Avropa Parlamentinin Azərbaycanda
İnsan Haqlarına Dair qəbul etdiyi qətnaməni pisləyərək onu qərəzli
hesab etdiyini bildirib. Xüsusən də, Azərbaycanda sərbəst toplaşmaq
azadlığının pozulmasını pisləyən qətnaməni kəsinliklə qəbul
etmədiyini deyən S.Novruzov bu məsələdə müxalifəti günahlandırıb.
"Amma biz heç nədən narahat deyilik. Biz görürük ki, Avropanın
özündə də qanunsuz mitinqlərin qarşısını necə alırlar. Almaniyada,
İngiltərədə və digər ölkələrdə belə aksiyaları atlarla, itlərlə, su
şırnaqları ilə, gözyaşardıcı qazla dağıdırlar. Azərbaycanda isə
qanunsuz mitinq iştirakçıları zorla özlərini polislərə sürtürdülər
ki, fiziki güc tətbiq edilsin. Polis də insandır axı, onun da
psixoloji durumu var. Amma bizim polislər çox sağ olsunlar ki,
təmkinli olaraq heç kimə xətər toxundurmadan qanunsuz aksiyaların
qarşısını alır". Deputat söz azadlığı məsələsinə toxunaraq
ölkəmizdə bu istiqamətdə problem olmadığını bildirib: "Söz
azadlığına gəlincə, ölkəmizdə belə bir probblem yoxdur. Bütün
KİV-lər, o cümlədən müxalifət qəzetləri istədiklərini yazırlar.
Avropa parlamentariləri nümunə kimi yaxşı olar ki, "Azadlıq" və
"Yeni Müsavat" qəzetlərinə baxsınlar. Bu qəzetlərdə hakimiyyət
nəinki tənqid olunur, hətta təhqir, böhtan baş alıb gedir. Həmin
təşkilat "Azadlıq" qəzetinin bir aylıq nəşrlərinin monitorinqini
aparıb görsün ki, hakimiyyət haqqında nə qədər şər-böhtan yazır,
amma buna qarşı dözümlülük nümayiş etdirilir. Əgər söz, mətbuat
azadlığı olmasaydı, bu yazılar yazıla bilərdimi?" Millət vəkili
daha sonra "Eurovision" yarışması ilə bağlı səslənən fikirlərə
münasibət bildirib. "Eurovision" mahnı müsabiqəsini biz yüksək
səviyyədə keçirdik. Amma burada bir vacib məsələ ortaya çıxdı.
Keçmişdə satqınlar olurdu ki, müdafiə qalasının zəif yerini düşmənə
göstərirdilər və yaxud gecə vaxtları qapını açıb düşməni içəri
buraxırdılar. Məsələn, Dədə Qorqud dastanında olan yalıncıqlar,
Babəki düşmənə satan səhl ibn sumbatlar kimi xarakteri olan
insanların hamısı bu ərəfədə üzə çıxdı. Bu prosesin gözəl
nəticələrindən biri də odur ki, xalqımız bu tipli adamların kim
olduğunu gördü. Bu adamlar Azərbaycan siyasətində özlərini tamamilə
biabır etdilər. Əgər onların arasında əsil ziyalı var idisə,
müxalifətə müraciət etməli idi ki, "Eurovision" ərəfəsində bu
prosesləri dayandırmalıyıq. Azərbaycan xalqı da onların ziyalı
olduğunu qəbul edib alqışlayardı. Amma əksinə, bu ərəfədə ilana ağu
verən kərtənkələlər üzə çıxaraq bütün imkanlarını ortaya qoydular
ki, ölkəmizin nüfuzuna zərbə vursunlar", - deyə S.Novruzov
vurğulayıb.