"Tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı keçirilən ekspertizanın rəyi tamamilə səhvdir və mən bunu qəbul etmirəm".
Bunu APA-ya açıqlamasında E. Toqfiqqızının əməliyyatında
iştirak edən anesteziloq Firuz İbrahimov deyib.
F. İbrahimov E. Tofiqqızının ölümünə səbəb olan amilləri açıqlayıb
və qeyd edib ki, xəstənin üzərində bütün anesteziya əməliyyatları
tam qaydasında aparılıb: "Elnarə Tofiqqizinin ölümünün səbəbi
birbaşa ürək fəaliyyətinin dayanması ilə əlaqədardır. Ürək
fəaliyyətinin bərpası ilə dörd saat məşğul olmuşam. Orda ağciyərin
funksiyasının dayanmasından söhbət gedə bilməz. Ürək fəaliyyəti
qəflətən dayanıb, xəstənin çəkisi həddindən artıq çox olduğuna görə
onu həyata qaytara bilmədik. Əməliyyata kardio briqada və başqa
anestezioloqlar da gəldi, lakin ürək fəaliyyətinin bərpa edə
bilmədik".
F. İbrahimov ekspertizanın düzgün aparılmadığını, ekspert rəyində
ağciyər arteriyasını trombemboliyasının müayinəsinin həyata
keçirilmədiyi bildirib: "Ekspert rəyində qeyd edilib ki, ağciyərin
yuxarı payı havalıdır, aşağı payları isə atelektatik . Ağciyərin
əgər yuxarı payında hava varsa, bu xəstənin tənəffüsünə kifayət
edir və aydın olur ki, xəstənin ölümünə kəskin tənəffüs
çatışmazlığı səbəb olmayıb. Bu səbəblərə görə ekspertizanın rəyi
ilə razı deyiləm və ekspertizanın rəyini tamamilə səhv hesab
edirəm. Ekspertizada ürək fəaliyyətinin tıxanmasının nədən olması
araşdırmalıdır. Bu, ya trombemboliyadandır ya da piy
emoboliyasından".
F. İbrahimov, E. Tofiqqızının ölümü ilə bağlı dəfələrlə istintaqa
çağırıldığını və ifadəsinin alındığını qeyd edib: "Peşə
fəaliyyətimdə birinci dəfə idi ki, belə bir hal ilə qarşılaşırdım.
Mənim xəstələrimdən hələ ölən olmayıb və Elnarə Tofiqqızından
qat-qat ağır xəstələri həyata qaytarmışam".
F. İbrahimov həmçinin "Medi Sina" klinikası ilə əməkdaşlığa son
qoyduğunu açıqlayıb: "Artıq həmin klinika ilə əməkdaşlıq etmirəm.
Hazırda anestezioloq kimi fəaliyyətimi 1 saylı Şəhər Klinik
Xəstəxanasında davam etdirirəm".
Xatırladaq ki, 1977-ci il təvəllüdlü E. Tofiqqızı ötən il
sentyabrın 20-də Nəsimi rayonunda yerləşən "Medi Sina" Tibb
Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib.
Hadisədən dərhal sonra E.Tofiqqızının meyiti müayinə olunmaq üçün
Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib.
Keçirilən ekspertizanın rəyinə əsasən müəyyən edilib ki, E.
Tofiqqızı üzərində anestezioloq düzgün anesteziya əməliyyatı
aparmayıb. Nəticədə xəstənin ağciyərinin funksiyası pozulub və o,
tənəffüs çatışmazlığından vəfat edib. E.Tofiqqızının əməliyyatında
iştirak edən həkim personalı prokurorluqda ifadə verib.
E.Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyevin də
ifadəsi alınıb. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda
faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq -
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi
ilə cinayət işi açılıb. Prokurorluqdan həmçinin bildirilib ki,
hadisə ilə bağlı saxlanılan yoxdur və hazırda araşdırma
aparılır.
Qeyd edək ki, Elnarə Tofiqqızının həkim səhlənkarlığı nəticəsində
ölümü ilə bağlı həyat yoldaşı, jurnalist Anar Niftəliyevin Səhiyyə
Nazirliyinə etdiyi müraciətə ötən ayın sonlarında cavab verilib. A.
Niftəliyev o zaman APA-ya bununla bağlı açıqlamasında bildirib ki, Səhiyyə
Nazirliyi 3 aya yaxındır etdiyi müraciətə cavabında Elnarə
Tofiqqızının "Medi Sina" klinikasındakı cərrahiyyə əməliyyatı
zamanı həkim səhlənkarlığının qurbanı olduğunu təsdiqləyib:
"Məktubda qeyd olunur ki, Elnarə Niftəliyevanın "Medi Sina
Klinikası" özəl tibb müəssisəsində aparılan cərrahiyyə əməliyyatı
zamanı vəfat etməsi faktı ilə bağlı ərizənizdə qaldırılan məsələlər
Səhiyyə Nazirliyinin baş onkoloqunun və baş
anestezioloq-reanimatoloqlarının iştirakı ilə araşdırılıb.
Mütəxəssislərin rəyinə görə, Elnarə Niftəliyevaya "Medi Sina
Klinikası" özəl tibb müəssisəsində "hər iki süd vəzinin axardaxili
papillomaları" diaqnozu ilə əməliyyatdan əvvəl müayinələrin
aparılmasında, xəstənin cərrahiyyə əməliyyatına hazırlanmasında,
anesteziya metodunun seçilməsində və onun adına tibbi sənədlərin
tərtib edilməsində tibb işçiləri tərəfindən nöqsanlara yol
verilib".
A.Niftəliyev, Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri G.Poladovun imzası ilə gələn məktubda aylardır iddia etdiyi kimi, "anesteziya metodunun seçilməsi"nin yanlış olduğunun mütəxəssislər tərəfindən təsdiqləndiyini bildirib: "Səhiyyə Nazirliyi mütəxəssislərinin araşdırması bir daha təsdiqlədi ki, bu əməliyyatda narkoza heç bir ehtiyac olmayıb".