Tərtərdə ər-arvad intihara cəhd etdi
9 Yanvar 2014 18:28 (UTC+04:00)
Azərbaycanda gənc ər və arvadı sirkə turşusu
içərək intihara cəhd edib. Lent.az-ın hüquq-mühafizə orqanlarından
əldə etdiyi məlumata görə, Tərtər rayon sakinləri, 1983-cü il
təvəllüdlü Turan Həsənov və arvadı, 1986-cı il təvəllüdlü Gülnar
Həsənova zəhərlənmə diaqnozu ilə Bərdə rayon Mərkəzi xəstəxanasına
yerləşdirilib. Məlum olub ki, gənc ər və arvadı yaşadıqları evdə
sirkə turşusu içərək özlərini zəhərləyiblər.
G.Həsənova və həyat yoldaşı, 31 yaşlı Turan evdə
üz-üzə duraraq eyni zamanda sirkə turşusunu içiblər. Lakin
yaxınları hadisədən xəbər tutub və onlar daha yaxında yerləşən
Bərdə rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlərin səyi
nəticəsində hər iki gəncin həyatını xilas etmək mümkün olub.
Onların vəziyyəti orta-ağırdır. Gənc
cütlüyün hansı səbəbdən eyni zamanda intihar etməsi müəmmalı olaraq
qalır. Hadisə ilə bağlı Tərtər rayon
Prokurorluğunda araşdırma aparılır. Hələlik cinayət işi
açılmayıb.