İlham Əliyev: "Havanı çirkləndirən maşınlar Azərbaycana buraxılmamalıdır"

10 Yanvar 2014 11:27 (UTC+04:00)

Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Prezident ekoloji vəziyyətin yaxşılaşdırılması işləri hər il diqqət mərkəzində olduğunu və kompleks tədbirlər görüldüyünü bildirib. Bundan əlavə daha da ciddi tədbirlər görülməlidir deyib. 

İ. Əliyev bildirib ki, xüsusilə havanı çirkləndirən amillər bir daha təftiş edilməlidir: "Əlbəttə ki, "Avro-3" standartına keçid sürətləndirilməlidir. "Avro-3" də son hədd deyildir. "Avro-4", "Avro-5" ilə bağlı işlər daha da sürətlə getməlidir. Əlbəttə ki, bu işlərdə Azərbaycanda fəaliyyət göstərən neftayırma zavodlarının da böyük rolu vardır. Orada da yenidənqurma aparılmalıdır. Bakıda yeni neftayırma zavodunun tikintisi nəzərdə tutulur. Ancaq o tikilənə qədər mövcud zavodlarda ekoloji tədbirlər görülməlidir. Ümumiyyətlə, havanı çirkləndirən amillərə qarşı ciddi mübarizə aparılmalıdır.

Mənə verilən məlumata görə, əsas amil minik maşınlarıdır. Keçən il Azərbaycana yüz mindən çox avtomobil idxal edilibdir. Bu, əlbəttə ki, vətəndaşların rifah halının yaxşılaşmasını təsdiqləyən bir faktdır. Ancaq, eyni zamanda, bizim yol infrastrukturumuza nə qədər böyük yükdür. Biz yollar çəkirik, qovşaqlar, tunellər tikirik. Bəlkə də Bakıda, Azərbaycanda olan bu layihələr heç bir başqa ölkədə yoxdur. Nə qədər yollar, tunellər tikilib və tikilir. Nə qədər vəsait ayrılır. Ancaq yüz min maşının – onların da böyük hissəsinin Bakıya gəlməsi, əlbəttə ki, tıxac problemlərini yaradır, ekoloji vəziyyəti pisləşdirir".

İlham Əliyev məhs bu problemlər olduğundan vaxtilə ekoloji standartlara, yaxud da ki, texniki şərtlərə uyğun olmayan maşınların idxalını dayandırıldığını qeyd edib. Eləcə də, bu il Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər aidiyyəti qurumlar və Nazirlər Kabineti bütövlükdə bu məsələyə bir də baxılmalı olduğunu bildirib.

"Ekologiyanı çirkləndirən maşınlar Azərbaycana buraxılmamalıdır. Sıradan çıxmış maşınlar, ümumiyyətlə, gətirilməməlidir və mənə konkret təkliflər verilməlidir ki, biz bu məsələni birdəfəlik həll edək. Havanı çirkləndirən müəssisələrdə ciddi yoxlamalar aparılmalıdır. 

İqtisadiyyat və Sənaye Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər aidiyyəti qurumlar belə müəssisələrin siyahısını mənə təqdim etsinlər və orada ciddi tədbirlər görülməlidir. Ya o müəssisələri işlədənlər, - istər dövlət, istər özəl qurumlar - lazım olan təmizləyici qurğuları quraşdıracaqlar, ya da ki, o müəssisələr bağlanmalıdır. Birmənalı şəkildə. Havanı çirklədən, insanları zəhərləyən müəssisələr lazım deyildir. Deyə bilərəm ki, cərimələr burada işləmir. Çünki cərimələrin tutulması prosesi çox mürəkkəbdir. Bir də ki, indi cərimələrin məbləği də o qədər böyük deyil ki, bu cərimələrə görə kimsə öz fəaliyyətini dayandırsın. Ona görə, ya təmizləyici qurğular quraşdırılmalıdır, ya müəssisə bağlanmalıdır. Heç bir tərəddüdsüz. Hesab edirəm ki, bu, ekoloji vəziyyətin yaxşılaşmasına böyük təsir göstərəcəkdir. Biz milyonlarla ağac əkirik, ictimai zonalar yaradırıq, içməli su-kanalizasiya xətləri çəkirik. Ancaq havanı çirkləndirən müəssisələr bizim bütün bu işlərimizin üstündən elə bil ki, xətt çəkir. Ona görə bu, çox ciddi məsələdir. Bu, hər bir Azərbaycan vətəndaşının sağlamlığı məsələsidir. Sağlamlıq isə birinci yerdədir".