Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası (AHİK) özünə qəsd edən Qarabağ qazisi
Zaur Həsənova məxsus olduğu iddia edilən kafe ilə bağlı açıqlama
yayıb. AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən Movqe.az-a verilən
açıqlamada bildirilir ki, Qarabağ qazisi Zaur Həsənov özünə qəsd
edəndən sonra onu bu addımı atmağa vadar edən əsas səbəb kimi
sökülmüş kafenin inşasına banklardan külli miqdarda borc
götürülməsi, hətta bankların onun mülkünə həbs qoyması göstərilib,
dəqiq məbləğ isə heç kim tərəfindən açıqlanmayıb. AHİK bu
müəmmaya aydınlıq gətirmək üçün rəsmi sənəd yayıb. Bu, "Edis Qroup"
şirkətinin 2011-ci il avqust ayında Ali Məhkəməyə əlavə kassasiya
şikayəti verməsi ilə bağlıdır. Kassasiya şikayətində qeyd edilir
ki, mübahisəli obyekti "Edis Qroup" şirkəti şirkət tikib, bütün
xərcləri şirkət çəkib. Obyekt də "Edis Qroup" şirkətinin
balansındadır və şirkətin işçilərin istirahət obyekti kimi işə
salınıb: "İddiaçılar Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının "Kurort" Səhmdar Cəmiyyətinin və "Şıx"
Sanatoriyasının cavabdehlər Bibiheybət Bələdiyyəsinə və fiziki şəxs
Həsənov Zaur Həsən oğluna qarşı 25 saylı 08.04.2005-ci il tarixli
"İcarə müqaviləsinin etibarsız hesab edilməsi, qanunsuz
tikililərin sökülməsi və sahənin boşaldılması barədə
iddiasına baxaraq 1 saylı Bakı Yerli İqtisad Məhkəməsi iddianın
təmin edilməsi haqqında 10.09.2009-cu il tarixdə 2 (81) -1434 saylı
Qətnamə qəbul edib. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin
10.09.2009-cu il tarixli Qətnaməsinin dəyişmədən saxlanması haqda
apellyasiya qətnaməsi 26.04.2011-ci il tarixdə qəbul edilib.
Kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddəti (cəmi 29
günü) bərpasından Apellyasiya Məhkəməsi imtina edib. 12.01.2011-ci
ildə Ali Məhkəmədə prosessual müddəti bərpasına razılıq verməyib.
Əlavə kassasiya şikayətləri təmin edilməyib, axırıncı qərardad
01.06.2011-ci ildə qəbul edilib: "04.07.2011-ci ildə Həsənov Zaur
bizim şirkətə mübahisəli tikinti barədə sənədlərin verilməsi ilə
əlaqədar müraciət edəndə, yalnız onda yuxarıda qeyd etdiyimiz
məhkəmələr qərarlarından xəbər tutduq. Lakin heç bir
məhkəməyə bizi cavabdeh qismində cəlb etməyiblər, obyektə baxış
keçirməyiblər. 70,0 kvadratmetr ərazi bizim pulumuzla zibildən
təmizlənib, qum tökülüb, ağaclar əkilib, abadlıq işləri aparılıb.
Həmin ərazidə Qarabağ əlili Həsənov Zaur və digər 15 Qarabağ əlili
ailələri ilə birgə dolanırlar".
AHİK bu sənədə əsasən Bibi-Heybət qəsəbəsi, "Şıx" Sanatoriyasının ərazisində yerləşən çayxananın faktiki qeyri-rəsmi sahibinin "Edis Qroup" şirkəti olduğunun üzə çıxdığını bəyan edir: ""Edis Qroup" şirkətinin rəhbəri Məmmədov S.A. tərəfindən verilən kassasiya şikayətində göstərilib ki, çayxananın faktiki sahibi onun şirkətidir, Zaur Həsənov və digər 15 Qarabağ əlili ailəsi ilə birgə oradan dolanıblar. O da qeyd edilib ki, Bibiheybət Bələdiyyəsi tərəfindən çimərlik zonasında 70 kv.m. torpaq sahəsi 08.04.2005-ci il tarixli, 25 saylı icarə müqaviləsi ilə Həsənov Zaur Həsən oğluna 10 illik istifadəyə verilib. 2008-ci ildə Zaur Həsənov "Edis Qroup" şirkətinə daxil olandan sonra zibillərin çıxarılması, abadlıq işlərinin görülməsi, işçilərin istirahəti ilə bağlı tikinti aparılması, ağacların əkilməsi üçün şirkət bütün xərcləri özü çəkmiş, tikintini isə öz balansına qəbul edib. Bu sahə ilə bağlı məhkəmə mübahisələrinin olduğundan isə Həsənov Zaur mübahisəli tikinti ilə bağlı sənədlərin verilməsi üçün şirkətə müraciət edəndə xəbər tutublar. Əlavə kassasiya şikayətində göstərilənlərdən belə məlum olur ki, çəkilən xərclərin Zaur Həsənova heç bir aidiyyəti olmayıb. Belə vəziyyətdə təbii sual doğur: Zaur Həsənovu bu faciəyə kim vadar edib?!".