Müsavatla AXCP-nin bir-biri ilə açıq savaşa başlaması göz qabağındadır. Hətta artıq qarşılıqlı ittihamlar tək partiyanın fəaliyyəti yox, liderlərinin təhqiri, onların gizli əməllərinin ifşası səviyyəsindədir. Qarşılıqlı ittihamlar daha çox Müsavatın Milli Şuradan ayrılmasından sonra baş verdi. Ardınca AXCP İctimai Palatadan ayrıldı ki, hazırda problemlərin kökünü partiyalardan hər biri qarşı tərəfdə axtarır. Ancaq eyni siyasi kursu bölüşənlərin arasında belə ziddiyyətlərin olması ümumilikdə həmin cəbhənin daha da zəifləməsinə çıxaracaq.
Fuad Qəhrəmanlı: "Proses başlayandan Müsavat başqanı İsa Qəmbər susur, baş verənlərə münasibət bildirməməyə çalışır"
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı bildirir ki, Müsavat partiyası 2003-cü ildəki partiya deyil: "Bunu müsavatçılar bilir, cəmiyyətin də bilməsinə ehtiyac var. O səbəbdən də bu partiyanın Milli Şuradan qopmasına təəssüflənsək də, yola davam üçün əl-qolumuzu işdən soyutmamalıyıq. Müsavat Partiyası siyasi kursunu dəyişib. Müsavat Partiyasının Milli Şuranı tərk etməsi partiyanın siyasi kursunun dəyişməsi deməkdir. Fikrimcə, Müsavat Partiyasının bu siyasi oyununa sadə partiya təmsilçiləri də öz etirazlarını bildirəcəklər. Ancaq bu proses başlayandan Müsavat başqanı İsa Qəmbər susur, baş verənlərə münasibət bildirməməyə çalışır".
Fuad Qəhrəmanlı əlavə etdi ki, ötən il AXCP olaraq 40-a yaxın rayonda yerli təşkilatlarımızla kütləvi müşavirələr keçiriblər, lakin Müsavat Partiyasında buna cəhd olsa da bir rayonda belə 20 nəfərin bir yerdə fotosunu çəkdirə bilmədilər: "Milli Şuranın seçki kampaniyasının gedişi zamanı Müsavat Cəmil bəy üçün bir rayonda belə görüş keçirə bilmədi, əvəzində isə bütün görüşləri AXCP olaraq tək təşkil etmək zorunda qaldıq. Bu azmış kimi bir çox görüşlərimizi Arif bəy təxirə saldırmağa "müvəffəq" oldu. Dəfələrlə deyilməsinə baxmayaraq, MŞ-nın seçki qərargahına bu partiyadan olan müşahidəçilərin siyahısı verilmədi. Çünki ortada düz- əməlli başlı müşahidəçi sayı yox idi"
Səxavət Soltanlı: "Partiyalar ayrı yaranıb, ayrı da fəaliyyət göstərirlər"
Müsavat Gənclər Təşkilatının sədr müavini Səxavət Soltan bildirir ki, hadisələr artıq mənasız həddə çatıb: "Müsavat öz siyasi xəttini müəyyənləşdirmiş partiyadır. Partiya siyasi prosesləri dərindən izləməyə və qərarlar dəqiq qərarlar verməyə qadirdir. Kimlərsə bunu başa düşür, başqaları başa düşmür. Kimlərsə də bunu başa düşərəkdən yalnış istiqamətə yönəltmək, cəmiyyətdə Müsavat Pariyası haqqında yalnış fikirlər formalaşdırmaq istəyir. Bütün bunların həllini yaxın zamanlarda Müsavat təqdim edəcək. AXCP və digər partiyların da fəaliyyəti ancaq Müsavat haqqında mənfi fikir bildirmə olduğu üçün bunların hərəkətlərinə geniş rəy verməyə dəyməz. Ancaq partiyalar ayrı yaranıb, ayrı da fəaliyyət göstərirlər. AXCP ilə Müsavat ayrı ad altında mövcuddurlarsa, fəaliyyətlərinin fərqli olmasında qeyri-adi nəsə yoxdur. Kimlərsə bundan süni problemlər yaradıb, Müsavatın fəaliyyətinə kölgə salmaq istəyir".
Mais Səfərli: "Konflikt artıq barışmaz, ziddiyyət həddinə çatıb"
Yurddaş Partiyasının sdəri Mais Səfərli bildirdi ki, bu partiyaların arasında olan dava-dalaş yeni deyil: "Konflikt artıq barışmaz, ziddiyyət həddinə çatıb. Ona görə də bu iki partiyanın bir yerdə fəaliyyəti mümkün deyil. Milli Şura onları bir araya gətirmişdi. Ancaq ki, bunların həmin qurumdan dava-dalaşla ayrılacağını gözləmək olardı. Onların arasında davanın olması şəxsi maraqlarına da cavab verir. Bu partiyalar uzun illərdir müxalifətdədirlər və uduza-uduza gəlirlər. Son seçkilər də sübut etdi ki, onlar siyasi müstəvidən getməlidirlər. Onların tərəfdarları da bunu gözləyir. Amma öz qoltuqlarından əl çəkmək istəmirlər. Belə bir konfliktin baş verməsi onları məhz istefadan yayındırır. O partiyalarda islahatlar aparılmalıdır. Ancaq iş burasındadır ki, onlar bu islahatı aparmaq gücündə deyillər. Sadəcə olaraq,müxalifətçilikdən yararlanırlar. Yaxşı da dolanırlar. Siyasətdən getmək onlar üçün sərf etmir. Çıxıb nə ilə məşğul olacaqlar? Ona görə də belə davalar məhz həmin liderlərin şəxsi maraqlarına cavab verir. Amma bu çəkişmə bütövlükdə zəif olan müxalifəti daha da zəiflədir. Davadan hər ikisi zəifləmiş şəkildə çıxacaqlar. Ancaq qoltuqlarında qalmaq üçün liderlərə sərf edən məsələdir. Artıq liderlərinin ambissiyaları ətrafında fəaliyyət göstərən bu partiyların hər ikisi uçurum başındadır. Odur ki, növbəti seçkilərdə ümumiyyətlə, onların adı siyasi səhnədə qalmaya bilər".