Dövlət Komitəsindən "sələfi" açıqlaması
16 Yanvar 2014 13:39 (UTC+04:00)
Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə
Dövlət Komitəsi Azərbaycandakı "sələfi" adlandırılan dini qrupların
KİV-də yaydığı qarşılıqlı ittihamlarla bağlı bəyanat
yayıb. Dövlət Komitəsindən Movqe.az-a
daxil olan məlumatda deyilir ki, son günlər özlərini "sələfi"
adlandıran dini qrupların bir sıra nümayəndələri arasındakı
qarşılıqlı ittihamların kütləvi informasiya vasitələrində və sosial
şəbəkələrdə yayılması müşahidə edilir. Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsi tərəfindən aparılan monitorinqin nəticələrinə
əsasən, "fətva" xarakterli ittihamlar və sözügedən qruplaşmaların
digər hərəkətləri ölkədə mövcud olan tolerantlıq mühitinə zidd
hallara yol verilməsi, insan hüquqlarının pozulması, cəmiyyətdə
çaşqınlıq yaradılması və şəri məsələlərlə bağlı fətva vermək
səlahiyyətlərinin mənimsənilməsi ilə müşahidə olunur. Bu səbəbdən
sözügedən gərginlik hansı zəmində yaranmasından asılı olmayaraq,
ölkədəki mövcud dini duruma və respublikamızın beynəlxalq imicinə
mənfi təsir göstərməkdədir.
Cəmiyyətdə dini sabitliyin, müxtəlif məzhəb və
dini cərəyanlara mənsub dindarlar arasında dözümlülüyün təmin
olunması istiqamətində fəaliyyət göstərən Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsi yaranmış vəziyyəti yaxından müşahidə etməklə
yanaşı, dini durumda sabitliyin qorunması məqsədilə zəruri
tədbirlər həyata keçirir. Eyni
zamanda, sözügedən açıqlama və materialların dini duruma birbaşa
mənfi təsiri, qarşılıqlı ittihamların kifayət qədər ciddi olduğu və
hüquqi qiymət verilməsinə zərurət yarandığı nəzərə alınaraq, həmin
materiallarda dini zəmində nifrət və ədavətin yayılmasına zəmin
olmasını, dini dözümsüzlüyə rəvac verilməsini və Azərbaycan
vətəndaşlarının xarici ölkələrdəki hərbi münaqişələrə cəlb
edilməsinə çağırış olmasını müəyyənləşdirmək məqsədilə aparılan
monitorinq və təyin olunmuş dinşünaslıq ekspertizasının
nəticələrinə uyğun olaraq, Dövlət Komitəsi tərəfindən, hüquqi
müstəvidə görülən tədbirlər də daxil olmaqla, bütün zəruri addımlar
atılacaqdır.