Məlumdur ki, cari ilin 1 aprel tarixindən etibarən ölkəmizə "Avro-4" standartlarına cavab verməyən nəqliyyat vasitəsinin idxalı və istehsalı qadağan ediləcək. Artıq ölkələrə uyğun avtomobillərin buraxılış illəri də müəyyənləşdirilib. Belə ki, Avropa İttifaqına daxil olan ölkələr - Almaniya, Böyük Britaniya, Belçika, Avstriya, Çexiya, Polşa, Hollandiya, İtaliya və s. 2005, ABŞ 2004, Yaponiya və Çin 2011, Koreya 2006, Türkiyənin isə 2009-cu ildən əvvəlki istehsal etdiyi avtomobil Azərbaycana ixal edilməyəcək.
İllərdən də göründüyü kimi, məhdudiyyətin başlıca məqsədlərindən biri respublika avtoparkının yenilənməsi və ekoloji təmizliyin qorunması xarakteri daşıyır. Ancaq bütün bunlarla yanaşı, 1 aprel tarixindən etibarən, avtomobil bazarında qiymətlərin artımı da gözlənilir.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, "Avro-4" standartına keçidin sadəcə ekoloji deyil, eyni zamanda iqtisadi tərəfləri də var: "Əvvəlla, istehsal tarixi 2005-ci ilədək olan avtomobillərin ölkəyə gətirilməsinin qadağan edilməsi, ili köhnə olan maşınların qiymətlərində artımlara səbəb olacaq. Belə ki, ili köhnə olan avtomobillərin qiymətlərinin aşağı olması onlara ölkədə hər zaman tələbatın formalaşmasına səbəb olur. Son qadağanın isə köhnə avtomobillərin ölkəyə gətirilməsinə imkan verməyəcəyini nəzərə aldıqda, o zaman təklifin azalması müşahidə ediləcək. Bu avtomobillərə tələbin dəyişmədiyini və hətta, bəzi hallarda artdığını nəzərə aldıqda qiymət artımlarının olacağını proqnozlaşdırmaq çətin olmaz. Köhnə maşınların idxal olunan avtomobillərin strukturundakı çəkisini nəzərə aldıqda il ərzində köhnə avtomobillərin qiymətində 7 faizə yaxın artım olacağı gözlənilir. İkincisi, yeni standarta keçid heç bir halda benzinin qiymətinin artmasına səbəb olmamalıdır. Çünki bu, benzinin xərc strukturunda ciddi dəyişikliklərə səbəb olmayacaq. Yeni xərc yaranmadığı üçün isə benzinin qiymətinin artması gündəmdə olmamalıdır.
Benzinin keyfiyyəti "Avro-4" standartlarına zamanında uyğunlaşdırılmadığı halda, köhnə avtomobillərinin idxalına qadağaların müəyyənləşdirilməsinin ciddi əhəmiyyəti olmayacaq. Çünki, "Avro-4" standartı olan avtomobil öz standartını qorumaq üçün ən azı, müvafiq standartda benzindən istifadə etməlidir. Nəhayət, "Avro-4" standartlarına keçiddən sonra ili çox köhnə olan, xüsusən də 1995-ci ilədək istehsal olunan avtomobillərin mərhələli olaraq dövlət tərəfindən satış alınması prosesinə başlanılmalıdır. Əks halda, mövcud ekoloji problemləri həll etmək çətin olacaq".
Digər iqtisadçı Oqtay Haqverdiyevin sözlərinə görə, "Avro-4" standartının tətbiq edilməsi o deməkdir ki, ölkədə keyfiyyətli avtomobil çoxluq təşkil edəcək: "Yeni maşınlar çoxalalacağı fonunda avtomobil bazarında bahalaşma müşahidə ediləcək. Amma bu bahalaşma o qədər də çox proqnozlaşdırılmır. Çünki, indinin özündə maşınların qiyməti spekulyativdir. Əslində, indiki qiymətlər 30% bahadır. Ona görə bunu nəzərə alaraq bizdə artım 5-6% arasında olacaq".
Ekspertin fikrincə, qiymət artımları həm köhnə, həm də yeni maşınlarda olacaq: "Hətta, ola bilsin ki, köhnə maşınların aradan qaldırılması barədə də qərar qəbul edilsin. Düzdür, indinin özündə belə bir qərar var. Amma ili daha əvvələ çəkə bilərlər".