ARDNŞ-in ixtisara salınmış işçiləri ilə bağlı proqram təsdiq edilib
18 Yanvar 2014 20:09 (UTC+04:00)
"Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üzrə
sərbəstləşən işçilərin sosial dayanıqlığının və məşğulluğunun təmin
olunmasına dair Proqram" təsdiq edilib. ARDNŞ-in mətbuat
xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev
2014-cü il yanvarın 17-də şirkətin bəzi müəssisələri üzrə
sərbəstləşən işçilərin sosial dayanıqlığının təmin olunması üçün
tədbirlərin görülməsi barədə əmr imzalayıb.
Əmrdə bildirilir ki, Azərbaycan Respubikasının
milli neft şirkəti kimi beynəlxalq aləmdə rəqabət qabiliyyətinin
artırılması, fəaliyyətinin səmərəliliyinin təmin edilməsi və
aparıcı neft şirkətləri sırasına çıxmaq məqsədi ilə ARDNŞ
tərəfindən həyata keçirilən ardıcıl islahatlar bir sıra yeni iş
yerlərinin açılması, yeni istehsal sahələrinin yaradılması ilə
yanaşı, həm də az səmərəli və effekt verməyən biznes proseslərinin
aradan qaldırılması zərurəti yaradır.
Bazar iqtisadiyyatı prinsiplərinə, nüfuzlu
beynəlxalq audit şirkətlərinin tövsiyələrinə, habelə ARDNŞ-nin
risklərin idarə edilməsi siyasətinə uyğun olaraq müəyyənləşdirilən
həmin proseslərin təkmilləşdirilməsi, bir qayda olaraq, idarəetmə
strukturunda müəyyən dəyişikliklərin aparılmasını şərtləndirir. Bu
dəyişikliklər isə öz növbəsində bəzi müəssisələrdə əmək şəraiti
şərtlərinin dəyişməsinə və müəyyən sayda işçi heyətin
sərbəstləşməsinə səbəb olur. Əmrdə daha sonra bildirilir ki, ARDNŞ
daim işçilərinin həyat səviyyəsinin yüksəldilməsini, sosial
dayanıqlığının təmin olunmasını diqqət mərkəzində saxlayır. İnsan
resurslarının idarə edilməsində yeni standartların yaradılması, bu
standartlar vasitəsilə sərbəstləşən işçilərin Şirkət sistemində iş
yerləri ilə təmin olunması, onlara müxtəlif proqramlar üzrə
müavinətlərin ödənilməsi kimi tədbirlər bu istiqamətdə atılmış real
addımlardandır.
Qeyd olunur ki, müvafiq situasiyalarda müstəsna
hal kimi orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik
müavinətin ödənilməsi barədə ARDNŞ-nin və Azərbaycan Neft-Qaz
Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin müvafiq
Əmr-Qərarları qəbul edilmişdir və bununla da indiyə qədər
sərbəstləşmiş çox sayda işçiyə orta aylıq əmək haqqının 5 misli
miqdarında müavinət ödənilməsi həyata keçirilmişdir. Həmin
proqramdan hal-hazırda da xeyli işçinin yararlandığı bildirilir və
ARDNŞ-nin sərbəstləşən işçilərin sosial dayanıqlığının təmin
olunması istiqamətində tədbirlərinin davamlı olacağı bir daha
vurğulanır.
17 yanvar 2014-cü il tarixli əmrlə "ARDNŞ-nin bəzi
qurumlarının ləğvi nəticəsində sərbəstləşən işçilərin məşğulluğunun
və sosial dayanıqlığının təmin olunmasına dair Proqram" təsdiq
edilmişdir. Əmrdə sərbəstləşən işçilərin Proqrama qoşulmaq üçün
müraciət etmə müddəti, Proqramın qüvvədə olma müddəti müəyyən
olunmuşdur. Proqramın icrasının həyata keçirilməsi məqsədi ilə
ARDNŞ-nin Hüquq İdarəsinin rəisi Eldar Orucovun sərdliyi ilə daimi
fəaliyyət göstərəcək Komissiya yaradılmışdır. Komissiyaya Proqrama
qoşulmuş sərbəstləşən işçilərin ARDNŞ-nin strukturuna daxil olan
müəssisələrdə yerləşdirilməsi, bu mümkün olmadıqda isə icraçı
qurumla birlikdə onların kənar təşkilatlarda, Şirkətin
podratçıları, subpodratçıları, eləcə də ARDNŞ ilə müqavilə
münasibətlərində olan digər təşkilatlarda yerləşdirilməsi üçün
qanunvericiliyə və müvafiq müqavilələrin şərtlərinə uyğun olaraq
tədbirlər görülməsi tapşırılmışdır. Əmrdə həmçinin Komissiyanın
vəsatəti əsasında Proqram iştirakçılarının ixtisasının artırılması
məqsədilə lazımi tədbirlərin həyata keçirilməsi haqqında
tapşırıqlar da verilmişdir.
17 yanvar tarixli əmrlə təsdiq edilən və həmin
əmrə əlavə olunan "ARDNŞ-nin bəzi qurumlarının ləğvi nəticəsində
sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin
olunmasına dair Proqram"da göstərilir ki, bu Proqramın iştirakçısı
olan sərbəstləşmiş işçilərə əvvəllər aldıqları orta aylıq əmək
haqqının 50%-i həcmində müavinət ödənilməsi və onların ARDNŞ-nin
digər müəssisələrində və ya kənar təşkilatlarda yerləşdirilməsi
təmin olunacaqdır. Bunun üçün sərbəstləşmiş işçilər müəyyən edilmiş
müddət ərzində sonuncu iş yeri üzrə işəgötürənə müraciət etməklə
proqrama qoşula bilərlər. Sərbəstləşən işçinin ARDNŞ-nin daxili
normativ sənədlərinə uyğun olaraq müəyyən edilmiş qaydada orta
aylıq əmək haqqının 5 misli miqdarında müavinət almaq hüququ da
saxlanılır. Beləliklə, sərbəstləşən işçiyə seçim imkanı yaradılır:
o, orta aylıq əmək haqqının 5 mislinin alınması ilə bağlı müvafiq
qaydada müraciət etməkdə, yaxud da bundan imtina edərək ARDNŞ-nin
həyata keçirdiyi yeni Proqrama qoşulmaqda sərbəstlik əldə edir.
"ARDNŞ üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial
dayanıqlığının təmin olunmasına dair Proqram"ın daha bir üstün
cəhəti bundan ibarətdir ki, sərbəstləşən işçinin sosial təminatı ən
azı bir il müddətində təmin olunur, bu müddət ərzində
ixtisasartırmaya ehtiyacı olan işçilər üçün müəyyən kurslar təşkil
edilir ki, bu da onlar üçün daha əlverişli yeni iş yerlərinin
tapılmasına köməklik göstərəcəkdir. Proqram çərçivəsində müvafiq
dövlət orqanları, işə düzəltmə agentlikləri və digər təşkilatlarla
əlaqələr qurulacaq, sərbəstləşən işçilərin yeni iş yerləri ilə
təmin olunması üçün zəruri tədbirlər görüləcək.