İran ölkədəki müxtəlif etnik qruplar üçün xüsusi ana dili kurslarının tətbiqinə hazırlaşır. Bunu Prezidentin xüsusi köməkçisi Əli Yunisi deyib. Bu barədə İranın Mehr agentliyi xəbər yayıb.
İranın Əhvaz şəhərində çıxış edən Yunisi deyib ki, hökumət ölkənin Təhsil və İnkişaf Nazirliyində bu məsələyə baxılması üçün bir sıra görüşlər keçirib. O, dil kurslarının aparılmasının təfərrüatlarını dəqiqləşdirməyib.
2013-cü ilin iyununda Prezident Həsən Ruhani milli azlıqlarının (Azərbaycan, kürd, ərəb və başq.) ana dillərinin tədrisi məsələsinə dair bəyanat verib. Dövlət başçısı bəyanatda İran Konstitusiyasının məktəblərdə və ali tədris müəssisələrində milli azlıqların ana dillərinin tədrisini nəzərdə tutan 15-ci maddəsinin tam şəkildə yerinə yetirilməsi ilə bağlı öz niyyətini rəsmən açıqlayıb.