Xaricə övladlığa verilən uşaqlara nəzarət mexanizmi gücləndiriləcək-Eksklüziv
21 Yanvar 2014 11:07 (UTC+04:00)
Azərbaycandan xaricə övladlığa verilən uşaqlara nəzarət mexanizmi
daha da gücləndiriləcək. Movqe.az-ın
məlumatına görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi tərəfindən xarici vətəndaşlara uşaqların övladlığa
verilməsindən sonrakı həyat şəraitlərinə, tərbiyyəsinə nəzarətin
həyata keçirilməsi haqqında qaydalar layihəsi işlənib
hazırlanır. Bu barədə Movqe.az-a danışan Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin ölkələrarası övladlığa
götürülmə sektorunun müdiri Seymur Məmmədov bildirib ki, əgər
dəyişiklik baş tutsa xaricə övladlığa verilən uşaqlarla bağlı
hesabatlar zərurət yarandıqda Komitə tərəfindən 3 ildən daha
artıq müddətdə də tələb oluna bilər: "Hazırki qaydalara görə,
xarici vətəndaşlara övladlığa verilən uşaqlarla bağlı məhkəmənin
qərarı qüvvəyə mindiyi gündən ildə iki dəfə, 6 aydan bir məlumat
verilməlidir. Həmin məlumatda övladlığa götürülən uşaqla davranış,
onun inkişafı, təhsili ilə bağlı məlumatlar təqdim edilir. Həmin
hesabata uşağın şəkli və görüntüsünü əks etdirən video kaset də
əlavə olunur. Amma sözügedən qaydalar layihəsi işlənib
hazırlandıqdan sonra Komitənin səlahiyyəti olacaq ki, zərurət
yarandıqda xaricə övladlığa verilən uşaqla bağlı 3 yaşdan sonrakı
müddətdə də məlumat tələb etsin".