İnternetin, televiziyanın insan həyatına təsirinin sürətlə artması danılmaz həqiqətdir. Çox təəssüf ki, bu təsirin müsbət tərəfləri ilə yanaşı, mənfi yönləri də az deyil. Əslində, bu hal bütün dünya üzrə özünü qabarıq formada büruzə verməkdədir. Məsələn, Venesuela prezidenti Nikolas Maduro ölkəsində artan cinayətkarlığı teleseriallarla əlaqələndirib. O bildirib ki, çəkilən filmlər gənclərin narkotik və silahdan istifadə meyllərini xeyli artırıb.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda da çəkilən bir çox yeni seriallarda zorakılıq, narkotik maddələrdən istifadə halları ilə dolu səhnələr kifayət qədərdir. Bu, hətta, müvafiq dairələrin də dəfələrlə narazılığına səbəb olub. Lakin söhbət burada təkcə teleseriallardan getmir. Televiziyada bir sıra verlişlər var ki, onlar da cəmiyyətə, məsələn, ailə institutuna mənfi istifqamətdə ciddi təsir göstərir. Məsələn, elə ölkədə boşanmaların sayının artamsında televiziya və internetin rolunun böyük olması danılmaz həqiqətdir.
Bu arada onu da bildirək ki, Azərbaycanda ötən il ərzində 86 mindən çox insan nikah bağlayıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ildə bağlanan nikahların sayı 2012-ci ilə nisbətən çoxdur. Belə ki, ötən il 86,3 min nikah qeydə alınıbsa, ondan əvvəlki ildə bu rəqəm 78 min 480 olub. Lakin boşanmaların da say artıb. Ən son statistikaya əsasən, ötən il 11, 7 min boşanma faktı qeydə alınıb. Qeyd edək ki, 2012-ci ildə boşananların sayı 11 min nəfər olub. 2011-ci ildə bu rəqəm 10,7, 2010-cu ildə isə 8,9 min olub. Bütün bunlar illər üzrə boşanmaların sayının artıdığını göstərir. Təbii ki, bunun ən böyük zərbəsi də məhz ailə institutuna dəyir.
Qeyd olunduğu kimi, burada televiziya və internetin təsiri də danılmazdır. "Təmiz Dünya" Qadınlara Yardım Mərkəzinin rəhbəri Mehriban Zeynalova qeyd edir ki, bəzi televiziya verilişləri öz verilişləri ilə gənc qızları təsirləndirir, qadınlar sərbəst yaşamağa meyllənirlər: "Gənc ailələr kənar müdaxilələri qəbul etmir. Bundan əlavə, gənclərin öz valideynlərindən iqtisadi asılılığı da boşanmalara təsir edən səbəblər sırasındadır". Hüquq müdafiəçisi bildirir ki, əvvəllər mövcud olan ağsaqqallar inistitutu da dağılıb: "Ağsaqqalların ailəyə təsiri azalıb. İqtisadi asılılıq, gənclərin sərbəstliyə meylliliyi, maddi problemlər boşanmalara təsir göstərir".
Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova müsbətə tərəf dəyişikliklərin baş verməsi üçün hökumət səviyyəsində yeni addımların atılmasına ehtiyac olduğunu qeyd edir: "2012-ci ildə olduğu kimi, 2013-də də ailə zorakılıqlarının sayı artıb. Baş verən zorakılıqlar uşaqlara qarşı da artıq özünü göstərməyə başlayıb. Bu da nəticədə boşanmalara gətirib çıxarır. Əslində 2013-cü ildə əvvəlki illərə nisbətən, dəyişiklik bundan ibarətdir ki, ötən ildə ailə zəminində ölən qadınların sayı artıb". O, "Faktxəbər"ə məsələ ilə bağlı bildirib: "Əgər biz bu gün ailədə qadınların ölümlərindən danışırıqsa, problemlə bağlı ciddi tədbir görülməyəcəyi halda, bu uşaqların öldürülməsi istiqamətində davam edə bilər. Baş verənlər onu göstərir ki, ölkədə uşaq zorakılığına qarşı aparılan mübarizənin heç bir nəticəsi yoxdur. Yalnız həyata keçirilə biləcək real mübarizə ilə problemin qarşısını almaq mümkündür. Ailələrin sosial durumu boşanmalara ən az təsir edən amillərdəndir: "Sosial problem ailənin dağılması üçün o qədər də ciddi amil deyil".
Lakin istənilən halda bir məsələ dəqiqdir ki, sosial məsələlər də ailə institutunun dağılmasına təsirsiz ötüşmür. Ekspertlər hesab edir ki, bütün bunlar fonunda boşanmaların qarşısını almaq üçün müxtəlif sosial layihələr hazırlanmalı, proqramlar həyata keçirilməlidir. Digər tərəfdən, telekanallarda ailə institutuna zərbə vuracaq və müvəqqəti reytinqə hesablanmış verilişlərin dayandırılması istiqamətində də addımlar atılmalıdır. İnternetə gəldikdə isə, onun mənfi təsirlərini neytrallaşdırmaq hələlik mümkünsüz görünür. Lakin bu səpkidə də müvafiq tədbirlərin düşünülüb tapılması və icraya yönləndirilməsi olduqca önəmlidir. Əks halda, bütün bunlar Azərbaycanda möhkəm təməllərə malik ailə institutu üzərində böyük təhdid yaradır.