“Azərbaycan Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə tərəfdardır”
8 Aprel 2014 10:40 (UTC+04:00)
"Sülhsevər siyasət yeridən Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin danışıqlar yolu ilə tərəfdar olduğunu
dəfələrlə bəyan edib". Bu fikri yaz sessiyasında sərbəst dinləmələr
zamanı Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan
nümayəndə heyətinin üzvü Rövşən Rzayev çıxışında söyləyib.
Azərbaycanlı deputat çıxışında bildirib ki, bu gün dünyada, o
cümlədən Avropada inkişaf edən geosiyasi vəziyyət onu göstərir ki,
beynəlxalq hüquq normaları prinsiplərinə əsaslanan beynəlxalq
təhlükəsizlik sistemi böhran vəziyyətindədir. Bu da beynəlxalq
hüququn təməl prinsiplərini manipulyasiya etmək tendensiyasına
ciddi təsir edir və eyni zamanda aqressiv separatizmə, müstəqil
ölkələrin suverenliyinə qəsd təhrikinə gətirib çıxarır. Məsələn,
xalqların öz müqəddəratını təyinetmə hüququndan sui-istifadə edən
Ermənistan müharibəni başlamaqla, Azərbaycanın ərazisinin 20
faizini işğal edib.
BMT-nin 1970-ci ildə qəbul olunmuş qətnaməsinə əsasən, Ermənistan
tərəfinin tez-tez müraciət etdiyi xalqların öz müqəddəratını
təyinetmə prinsipi başqa əraziləri zəbt edən, zorakılıq əməllərinə
əl atan, etnik təmizləmə və kütləvi qətllər törədən işğalçılara
nədənsə şamil edilmir. Bundan başqa, 1975-ci ildə qəbul olunmuş
Helsinki Yekun Aktı dövlətin öz razılığı olmadan onun ərazisinin
bir hissəsinin ayrılmasını istisna edir. Beynəlxalq hüququn təməl
prinsiplərinə dair aparılan ikili standartlar təcrübəsi bundan
sonra da bu kimi mənfi presedentlərin olmasına gətirib
çıxaracaqdır.
Azərbaycan Ermənistan tərəfindən beynəlxalq hüquq normalarının
kobud şəkildə pozulmasının qurbanı kimi, yenə də regionda sülhün və
ədalətin bərqərar olmasına ümidini itirmir. Sülhsevər siyasət
yeridən Azərbaycan münaqişənin dinc yolla həllinə tərəfdardır.
Əlbəttə, Dağlıq Qarabağın Azərbaycan və erməni icmaları arasında
dialoqun yaradılması bu istiqamətdə böyük rol oynaya bilər. Bu
xüsusda, Avropa məkanının Cənubi Qafqaz bölgəsində sülhün bərqərar
olması və münaqişənin həlli yolları istiqamətində icmalararası
dialoqun canlandırılmasında nüfuzu və rolu olan AŞPA müəyyən
fəaliyyət göstərə bilər.
Millət Məclisin deputatı Qənirə Paşayeva isə çıxışında ki,
Azərbaycan ilə Ermənistan arasında sərhəd regionlarından birinin
nümayəndəsi olaraq regionda mövcud vəziyyətdən bəhs etmiş,
assambleyanı bu məsələyə diqqətini artırmağa çalışmışdır. O
demişdir ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın bütün dünya
tərəfindən tanınan ərazi bütövlüyünü pozub və artıq 20 ildən
artıqdır ki torpaqların bir hissəsini işğal altında saxlayır. BMT
Təhlükəsizlik Şurası və Avropa Şurası Parlament Assambleyası
tərəfindən qəbul edilmiş qətnamələrə məhəl qoymur.
Cəbhə bölgəsində yaşayanlar bizdən AŞPA-nın 1416 saylı qətnaməsinin
yerinə yetirilməsini gözləyirlər. Biz assambleyanı bu məsələni
ciddi müzakirə etməyə və bu istiqamətdə səylərini sürətləndirməyə
çağırırıq. Mən 1 milyon qaçqın və məcburi köçkün adından danışıram.
Onlar 20 ildir ki, öz doğma torpaqlarına və evlərinə dönə bilmirlər
və bu, Avropa zonasında insan haqlarının ən böyük pozuntusudur.
Avropa Şurası üzv dövlətlərindən birinin ərazisinin digər üzvü
tərəfindən uzunmüddətli işğalı faktına laqeyd yanaşmamalı və bu
məsələlərə ciddi münasibət göstərməlidir.
AŞPA-da bu məsələ ilə bağlı son müzakirələrin nə vaxt aparıldığını
yada salaq, apardığımız müzakirələrin tarixini xatırlayaq.
Təəssüflər olsun ki, mən xatırlaya bilmirəm. AŞPA-nın qeyd edilən
qətnaməsi bəyan edir ki, Ermənistan Azərbaycan torpaqlarını tərk
etməli və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma
evlərinə dönmələrinə imkan verməlidir. Bu qətnamənin qəbulundan 9
il keçməsinə baxmayaraq Ermənistan onu yerinə yetirməkdən boyun
qaçırır.
Sadəcə müzakirələri aparmaq və sənədlər qəbul etmək kifayət deyil.
Doğma torpaqlarından didərgin düşmüş insanlar sizi qəbul etdiyiniz
qətnamələrin və sənədlərin yerinə yetirilməsi üzərində ciddi
nəzarət həyata keçirməyə, daha effektiv mexanizmləri tətbiq etməyə
və onların pozulmuş hüquqlarını müdafiə etməyə və bu məsələ ilə
bağlı müzakirələr aparmağa çağırırlar.
Bu gün AŞ ərazisində qaçqın və məcburi köçkünlərin təqribən yarısı
Azərbaycanda yaşayır. Mən assambleyanı yaxın gələcəkdə Cənubi
Qafqazda məcburi köçkünlərin vəziyyəti ilə bağlı xüsusi müzakirələr
aparmağa çağırıram. Çünki onların yerləşməsinə baxmayaraq biz
qaçqınların və məcburi köçkünlərin vəziyyətinə ciddi diqqət
yetirməliyik və onlara kömək etməliyik.
Suriyada baş verən son hadisələr hər kəsi narahat edir. Təəssüflər
olsun ki, Ermənistan Suriyadan qaçqın düşmüş ermənilərdən öz
təcavüzkar xarici siyasətinin aləti kimi istifadə edib, onları
Ermənistanda deyil, işğal edilmiş Azərbaycan torpaqlarında
yerləşdirir. Ermənistan tərəfindən həyata keçirilən bu addımlar
AŞPA-nın sənədlərinə, habelə ATƏT-in fakt araşdırıcı missiyasının
müvafiq müraciətlərinə zidd olub, vəziyyəti daha da
gərginləşdirməklə münaqişənin sülh yolu ilə həll edilməsinə xələl
yetirir. AŞPA Ermənistandan bu təşkilat qarşısında üzərinə
götürdüyü öhdəliklər ilə ziddiyyət təşkil edən bu cür hərəkətləri
dayandırmağı tələb etməlidir.