Mayın 1-də təhsil naziri Mikayıl Cabbarov "Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydaların təsdiqi haqqında" əmr imzalayıb.
Movqe.az-ın məlumatına görə, yeni qaydalara əsasən, dörd və daha artıq fəndən illik "qeyri-kafi" qiymət alan, habelə dərs məşğələlərinə gəlmədiyi üçün biliyi qiymətləndirilməyən V, VIII və X sinif şagirdləri təkrar sinifdə saxlanılacaq. Üç fəndən illik "kafi" qiymət alan V, VIII və X sinif şagirdlərinə isə həmin fənlərdən yay tapşırıqları veriləcək. Həmin şagirdlər avqustun 25-dən sentyabrın 10-dək təkrar imtahan verməklə növbəti sinfə keçə biləcəklər. Yay-tədris tapşırığı verilən fənlərin hər hansı birindən "qeyri-kafi" qiymət alan şagird təkrar sinifdə saxlanılır. İbtidai sinif şagirdləri isə uzunmüddətli xəstəlik və yaxud məktəbdən yayınma səbəbindən təkrar sinifdə saxlanıla bilərlər.
Bundan başqa, ikinci yarımildə bu və ya digər fəndən "qeyri-kafi" qiymət alan şagirdə həmin fəndən müsbət illik qiymət verilə bilməz. Özlərindən asılı olmayan səbəblərdən xarici dil, informatika, fiziki tərbiyə, musiqi, nəğmə, rəsmxətt fənləri üzrə şagirdlərin biliyinin qiymətləndirilməməsi isə onların yuxarı sinfə keçməsinə təsir etməyəcək.