Milli Şuraya müxalifətdən daha bir zərbə gəldi

6 May 2014 08:50 (UTC+04:00)

Az miqdarda radikal qüvvələrin qaldığı Milli Şura daxilində çoxdan gözlənilən yeni bir hadisə baş verdi. KXCP də bu qurumu tərk edənlər cərgəsinə qoşuldu. Ümumiyyətlə, Müsavat Partiyası Milli Şuranı tərk edən vaxtdan gözlənirdi ki, bu istiqamətdə növbəti addım KXCP-dən gələcək. Son olay həmin fikri təsdiqlədi. Belə ki, Mirmahmud Mirəlioğlunun KXCP-si ilə Əli Kərimlinin AXCP-si arasında bir-birinə münasibətdə on illərdir düşmənçilik əhval-ruhiyyəsi hökm sürür. Hətta KXCP rəhbəri vaxtilə AXCP ilə bir qurum və ya blokda olmayacağını da bildirmişdi. Amma prezident seçkiləri ərəfəsi yaranmış yanlış situasiyaya aldanan KXCP AXCP-nin də daxil olduğu Milli Şuraya qoşuldu.

Xatyırladaq ki, bu qurumun da radikal müxalifətin əvvəlki birlikləri kimi heç nəyə yaramadığını görən təşkilatlar artıq neçə aydır ki, bir-bir oranı tərk ediblər. Birinci olaraq Milli Şuradan ora qoşulan az sayda islamçılar uzaqlaşdı. Ardınca, daha doğrusu, seçkilərdən dərhal sonra Lalə Şövkət başda olmaqla ALP də Milli Şurada qalmağın mənasız olduğunu anlayaraq onunla əlaqəni kəsdi. Az keçməmiş okeanın o tayından ara-sıra səsi gələn Rəsul Quliyev və bəzi tərəfdarları da hay-küy qoparmaqla Milli Şuraya əlvidə dedi. Milli Şuraya ən güclü zərbəni isə Müsavat Partiyası vurdu. Belə ki, onların da digərləri kimi atdığı addımdan sonra Milli Şura demək olar ki, tamamilə mənasız bir qurum statusuna çevrildi. İndi də, gözlənildiyi kimi, KXCP Əli Kərimli ilə əvvəlki dövrdə olduğu kimi bir yerdə olmamağa üstünlük verərək qurumla xudahfizləşdi. Belə bir vəziyyətdə Milli Şuranın tamamilə məhv olduğunu görürük. İndi qalır onun tamamilə ləğv olunaraq müxalifətin öncəki birlikləri kimi tarixin arxivinə yollanması.

Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidovun fikrincə, proseslər ondan xəbər verir ki, Milli Şura parlament seçkilərinə qədər siyasi səhnədən silinəcək: "Əvvəlcədən verdiyimiz siyasi proqnozlarda da qeyd etmişdik ki, Milli Şura adlanan qurum əslində, qeyri-legitim əsasda yaranmışdı. Ora toplaşan, özünü müxalifət adlandıran insanların şəxsi ambissiyaları təşkilatın prezident seçkilərində özləri üçün lazım olan nəticə əldə etmələrinə də imkan vermədi. Bunun da əsasında o dayanır ki, artıq müxalifət adlanan bu qurumun sosial bazası tükənərək sıfır vəziyyətinə gəlib çıxıb. Hazırda bu qurumu müdafiə edərək onun ardınca gedənləri barmaq sayı ilə göstərmək olar. Əslində, bu quruma yığışanlar vaxtilə bir yerdə Xalq Cəbhəsi hərəkatından çıxmışlardır. Həmin vaxtlar da öz ambissiyaları səbəbindən, siyasi cığallıqlarına görə bu insanlar bir araya gələ bilməmişdi. Ona görə hazırki anda da onların bir arada olması sadəcə olaraq, süni xarakter daşıyırdı. Tarix göstərdi ki, Azərbaycanda radikal müxalifətə yer yoxdur. Əhali bu müxalifəti qəbul etmir. Dövlət başçısının xalqın maraqları naminə apardığı uğurlu daxili və xarici siyasət radikalların sosial bazasının getdikcə azalaraq ancaq özlərindən ibarət olan quruma çevrilməsinə zəmin yaratdı. Bu gözlənilən idi. Qarşıdan 2015-ci ilin parlament seçkiləri gəlir. Ona qədər də Milli Şuranın siyasi səhnədən gedəcəyinin şahidi olacağıq".

Vəhdət Partiyasının sədri Tahir Kərimli vurğuladı ki, yaranmış vəziyyət müxalifətin yoxluğu anlamına gəlir: "Milli Şuraya hədsiz dərəcədə bir-birinə zidd qüvvələr daxil olmuşdu. İdeoloji, siyasi cəhətdən bir-birinə qəbul etməyən təşkilatlar müəyyən müddət burada cəmləşmişdilər. KXCP bəyan etmişdi ki, heç də partiya olaraq Milli Şuraya qoşulmamışdılar, onlar ancaq ayrı-ayrı fərdlər olaraq bu qurumda idilər. Bu da onun siqnalı idi ki, KXCP Milli Şuranın perspektivsizliyini görüb ondan uzaqlaşmağa çalışır. Müsavatın oradan uzaqlaşması fonunda KXCP Milli Şurada AXCP ilə birgə qalırdı. Ona görə partiyanın öz daxilində də qeyri-ixtiyarı olaraq belə ittihamlar səslənirdi. Başqa bir tərəfdən, Milli Şuranın perspektivsizliyinin anlanılması da KXCP-nin oradan ayrılmasına səbəb olub. Çünki, Milli Şura özünü doğrulda bilmədi. Qurum müxalifət təşkilatı olsa da, onun rəhbəri postuna heç zaman müxalif olmayan Rüstəm İbrahimbəyov kimi insan təyin olundu. Ümidlərinin puça çıxması fonunda Milli Şura bu il keçiriləcək bələdiyyə və gələn ilki parlament seçkilərinə özünü toplaya bilmir. Onların proqramı, vahid məkanı, vahid əlaqələndiricisi yoxdur. İclaslara Milli Şura üzvlərinin çoxu telefon vasitəsilə qatılırdı. Yəni təşkilat belə bir qeyri-ciddi qurum halına düşüb. Bu fonda KXCP-nin də oranı tərk etməsi məntiqli və gözlənilən idi. Belə vəziyyət istər ayrı-ayrı partiya, istərsə də onların birliyi şəklində müxalifətin yoxluğu deməkdir. KXCP də bu deqredasiya prosesində iştirak etməmək üçün oradan uzaqlaşıb".