Əzilmiş avtomobillərin qalağı hara toplanmalıdır?

6 May 2014 17:15 (UTC+04:00)

Qəza zamanı əzilərək istifadəyə yararsız hala düşən avtomobillər əsasən yol kənarlarında, xüsusən də post-patrul xidmət məntəqələrinin yanında yığılıb qalır. Bu, həm insanlara psixoloji cəhətdən mənfi təsir edir, həm də bir tərəfdən səliqəsiz görüntü yaradır. Bir çox ölkələrdə belə avtomobillərin toplandığı xüsusi yerlər olur. Və yaxud da onların tezliklə utilizasiyası həyata keçirilir ki, belə maşınlar toplanıb qalmasın. Ölkəmizdə də bu kimi tədbirlərin görülməsi zərurəti yaranıb. 

Hüquqşünas, nəqliyyat məsələləri üzrə ekpert Ərşad Hüseynov mövzü ilə əlaqədar Movqe.az-a fikirlərini açıqlayıb. Ekspert deyib ki, avtomobil istifadəyə yararsız vəziyyətə düşsə də, onun mülkiyyətçisi var və mülkiyyətçinin icazəsi, istəyi olmadan onu harasa aparmaq olmaz: "Qanunvericiliklə bu, mülkiyyət obyektidir və kiminsə mülkiyyətindədir. Dövlət qeydiyyatı haqda şəhadətnaməsi var. Ona görə də yalnız onun sahibi avtomobili nə edəcəyi haqda sərəncam verə bilər. Ola bilər ki, aparıb təmir etdirsin. Yox, əgər təmiri mümkün deyilsə,  qanunvericiliyin mövqeyinə görə, avtomobili Dövlət Yol Polisinin qeydiyyatından çıxarmaq lazımdır. Bu zaman arayış verilir ki, həmin arayışa əsasən avtomobili ayrıca hissələrə ayırıb satmaq da olar. Amma Azərbaycan təcrübəsində görünür ki, avtomobil sahibləri heç onu  qeydiyyatdan çıxarmırlar və müəyyən şəxslərə verirlər ki, onlar da avtomobili qeyri-rəsmi şəkildə parçalayıb satırlar. Ancaq qanun da imkan verir ki, qeydiyyatdan çıxarmaqla avtomobillərdəki detalları istədiyin kimi istifadə edəsən". 

Baş Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, yol polisi tərəfindən dəfələrlə bu avtomobillərin sahiblərinə müraciət olunsa da, onlar gəlib mülkiyyətçisi olduqları avtomobili aparmırlar: "Belə avtomobillərin toplanması üçün ayrıca yer yoxdur. Onlar yalnız mühafizə olunan duracaqlarda saxlana bilər. Onların hər birinin sahibi olur. Əgər avtomobil istifadəyə yararasızdırsa, mülkiyyətçi bununla bağlı ərizə ilə müraciət etməlidir. O, avtomobili çıxdaş etməli və aparıb metallurgiya zavodlarına təhvil verməlidir. Amma çox əfsuslar olsun ki, əzilmiş nəqliyyat vasitələri illərlə orada qalır. Dəfələrlə onların sahiblərinə məktub göndərilməsinə, müraciət olunmasına rəğmən, həmin avtomobilləri götürmürlər".