“Soyuq müharibə” yenidən alovlanır

7 May 2014 09:16 (UTC+04:00)

Ukrayna ətrafında baş verənlər "soyuq müharibə"nin yenidən alovlanması ilə müşayiət olunur. Artıq bir tərəfdə Rusiya və onun tərəfindən olan dövlətlərin, digər tərəfdə isə NATO-nun yenidən silahlanma yarışına start verdiyi müşahidə olunur. Məhz bel əbir vaxtda Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib ki, Rusiyanın Qara dəniz donanması yeni nəsil sualtı qayıqlarla və hərni gəmilərlə təchiz olunacaq. Onun sözlərinə görə, Krım və Sevastoplun Rusiyaya birləşdiriləndən sonra Qara dəniz donanmasının inkişaf proqramına dəyişikliklərin edilməsinə böyük ehtiyac var: "Bu il Qara dəniz donanmasında havadan müdafiə sistemləri və dəniz piyada taburunun yeni hissələri yaradılacaq. Bu il həmçinin donanma yeni nəsil sualtı qayıqlarla, hərbi gəmilərlə təchiz olunacaq". Bütün bunlaar səbəb ABŞ-ın raketdən müdafiə sistemi ilə Rusiyanı nəzarət altına almağa çalışmasıdır. Rusiya Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlığı baş idarəsinin müdiri Sergey Koşelev də ABŞ-ın Avropada raketdən müdafiə sistemi ilə əlaqədar fəaliyyətini davamlı şəkildə artırdığını və mövcud potensialın Rusiyanı hədəf aldığını söyləyib: "NATO güclərinin son dövrlər verdiyi bəyanatlar ittifaqın Rusiya əleyhinə fəaliyyətinin hər keçən gün artdığını təsdiq edir. NATO-dakı partnyorlarımız mütəxəssislər səviyyəsində məsələni müzakirə əvəzinə siyasi bəyanatlarla cavab verirlər". Aralıq dənizində daim qalmağı planlaşdıran Rusiya bölgəyə daha 3 döyüş gəmisi göndərib. Belə bir vaxtda ABŞ-ın Kaliforniya ştatının sahillərində və Sakit okeandakı Quam adaları üzərində Rusiya strateji bombardmançıları görünüb. Birləşmiş Ştatların Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı, general Herbert Karlayl bununla bağlı bildirib: "Rusiyanın Ukrayna və Krımdakı hərəkətləri Asiya-Sakit okean regionuna da birbaşa təsir göstərir. Rusiya qüvvələri uzaq aviasiyasının köməyi ilə Kaliforniya sahillərinə yaxınlaşıblar və Quam üzərindən uçublar". H.Karlayl əlavə edib ki, Rusiya aviasiyası bu yolla kəşfiyyat məlumatları toplamağa çalışıb. General deyib ki, Amerikanın "F-15" qırıcıları Quam adaları üzərində Rusiyanın "Tu-95" strateji bombardmançısının görünməsi ilə bağlı havaya qaldırılıb. Amerika HHQ komandanı Rusiya strateji aviasiyasının Koreya və Yaponiya sahillərində də intensiv uçuşlar keçirdiyini deyib. O, əlavə məlumat verməkdən imtina edib. Xatırladaq ki, "Tu-95" strateji bombardmançıları nüvə başlığı ilə təchiz olunmuş hava-yer raketləri ilə təchiz edilib və havada yanacaq götürməklə on minlərlə kilometr məsafəyə uça bilir. Belə bir vaxtda isə NATO baş katibi Anders Foq Rasmusen Rusiyanın Ukraynadakı hərəkətlərini bir daha qanunsuz adlandırıb və bildirib ki, artıq Moskva özünü tərəfdaş yox, rəqib kimi aparır. Avropa telekanallarından birinə müsahibəsində baş katib daha sonra deyib: "Ukraynada yaşananlar Avropanı ayıltmalıdır, belə davam etməz". Rasmussenə görə, Ukrayna böhranı dönüş məqamıdır: "İkinci dünya savaşı bitəndən sonra ilk dəfə olaraq Avropa dövləti zorla özünə yeni ərazilər birləşdirir. Krımda, Ukraynada gördüklərimizi və yaşadıqlarımızın keçmişdə olduğunu düşünürdük, belə fikirləşdirdik. Ancaq bütün bunlar XXI əsrdə baş verir!". Alyans rəhbəri Kremlə növbəti ismarışını da göndərib. "Ruslar bizim iradəmizi sınağa çəkməsinlər. Onlarda zərrəcə şübhə olmamalıdır ki, alyansın bir üzvünə edilən hücum bizim hamımıza edilən hücum kimi qəbul ediləcək. Biz hadisələrin istənilən inkişaf variantına hazırıq".

Bu arada isə ABŞ, Kanada, Polşa birgə hərbi təlimlərə başalyıb. Hər üç ölkənin Silahlı Qüvvələri Polşanın cənubunda təlimlər keçirir. Təlimlərdə ABŞ, Kanada və Polaşadan bir neçə min hərbçi iştirak edir. Polşa mətbuatının yazdığına görə, ABŞ, Kanada, Polşa birgə keçirdiyi təlimlər NATO-nun Ukraynayla sərhəd ölkələrdə təlimlər proqramının bir hissəsidir. Qeyd edək ki, Ukraynada vəziyyət gərginləşdiyi vaxtdan Rusiya Silahlı Qüvvələri ölkənin müxtəlif bölgələrində, NATO isə Ukrayna ilə sərhəd ölkələrdə hərbi təlimlər keçirir. NATO-nun Ukraynayla sərhəd ölkələrdə təlimlər proqramı bu ölkələrin təhlükəsizliyinə zəmanət vermək üçün hazırlanıb.