Azərbaycan İran neftinin alış-satışını həyata keçirəcək?!

8 May 2014 08:21 (UTC+04:00)

Dünya neft ehtiyatlarının 11, qaz ehtiyatlarının isə 18 faizinə sahib olan İran neftinə alıcı axtarır. Sanksiyalar səbəbindən İran neftinin Avropa bazarına çıxışı kəsildiyindən xarici investorları cəlb etmək niyyətilə bu günlərdə İran rəsmiləri tərəfindən paytaxt Tehranda beynəlxalq neft və qaz sərgisi keçirilib.

Onu da qeyd edək ki, İran neftinin alınıb, Avropa bazarlarında satışını həyata keçirmək isrətən ölkələr artıq var. Rusiya bu məsələdə xüsusi ilə maraqlıdır. Ekspertlərə görə, İran neftinin alıcısı qismində Azərbaycanı da görmək mümkündür. Neft məsələləri üzrə ekspert Zəfər Vəliyevin fikrincə, Azərbaycanın hazırda İran neftini alıb-satma imkanları elə də yüksək səviyyədə deyil: "Çünki, bunun üçün mövcud infrastruktur olmalıdır. Ən başlıcası İranla bizim ortaq kəmərimiz yoxdur. Amma başqa ölkələrlə var. İranın özü neftini bir neçə istiqamətdə ixrac edir. Onların çox böyük miqdarda nefti əsasən Xark adasında yüklənir. Bu, Fars körfəzində yerləşən məntəqədir və ümumi tutumu 4 milyon barreldir. Digər tərəfdən sanksiyalardan əvvəl İran xam neftinin müəyyən hissəsi Aralıq dənizi sahilində "Sidi-Kerir" deyilən terminaldan Avropa ölkələrinə satılırdı. Hətta Avropanın elə ölkələri var ki, ordakı neft emalı zavodlarının böyük bir hissəsi məhz İran nefti ilə işləyirdi. İran neft məhsullarının satışını əsasən "Bəndər-Abbas", "Bəndər-Xomeyni" (hər ikisi Fars körfəzində), "Neka", "Əmirabad", "Ənzəli" (hər üçü Xəzər dənizində) limanları üzərindən həyata keçirir. Müəyyən hissə də Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) "Cəbəl-Əli" və "Əcma" portlarından ixrac edilir. Yəni, göründüyü kimi bizim İranla ortaq kəmərlərimiz yoxdur. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) isə öz xam neftini 3 kəmər vasitəsi ilə təqdim edir. Bunun biri Qərb İxrac Boru Kəməri sayılan Bakı-Supsa neft kəməridir ki, onunla 80 min ton neft satılır. İkincisi Bakı-Novorosiski neft kəməridir. Azərabaycan nefti Novorosiski yaxınlığında "Şestxaris" adlı bir terminaldan satılır. Ən böyük ixrac kəmərimiz isə təbii ki, Bakı-Tiflis-Ceyhan neft kəməridir. Eyni zamanda ARDNŞ-in İsveçrədə "SOCAR Trading SA" adlanan treydinq kompaniyası var. "SOCAR Trading SA" tək Azərbaycan neft və neft satışı və marketinqi ilə məğul olmur. Onun illik maliyyə dövriyyəsinə baxdıqda görərik ki, o, Qazaxıstan, Türkmənistan, Azərbaycan, hətta bir çox hallarda Rusiyaya məxsus olan neft və neft məhsullarının satışı ilə də məşğuldur. Çünki, Bakı-Tiflis-Ceyhan neft kəməri ilə artıq bir neçə ildir ki, Türkmənistan və Qazaxıstan nefti də ixrac olunur".

Ekspert əlavə etdi ki, əvvəllər "Dübəndi" terminalı üzərindən müəyyən miqdarda Qazaxıstanın Tengiz yatağından gələn neftin qəbulu, qablaşdırılması və nəqli həyata keçirildi: "Dübəndi" terminalından həm Bakıdakı neft emalı zavodlarına, həm də Şimal ölkələrinə xam neft nəql edirik. Embarqodan əvvəl İran Milli Neft Şirkətinin (NİOC) özünün də Avropada treydinq kampaniyası var idi. Onun adı Nafta-İrandır. Sadəcə olaraq, Nafta-İranın Avropadakı bank hesabları bağlandıqdan sonra İranın xam neftinin həm ixracında, həm də satışında prolemlər yarandı. Ona görə də lazım gələrsə, ARDNŞ-nin xaricidəki törəmə şirkətləri İran neftinin satışı ilə məşğul ola bilər. Dünyada belə treydinq kompaniyaları var. Bu kompaniyalar dünyanın neft və qazla zəngin olan ölkələri ilə ciddi əməkdaşlıq edir. Əgər NİOC və ARDNŞ arasında beynəlxalq neft biznesində, eyni zamanda ixrac kəmərlərindən, terminallardan birgə istifadə haqqında saziş olarsa, bu, hər iki tərəf üçün sərfəli olar. Amma İran bu gün OPEK-in üzvüdür. OPEK-də də bir səbət mövcuddur. Hər bir ölkənin orada hasilat və ixracat kvotası var. İran əgər həmin kvota həcmində öz neftinin satışını təşkil edə bilərsə, onda Azərbaycana ehtiyac olmayacaq. Çünki, İranın beynəlxalq neft və qaz satışında təcrübəsi Azərbaycandan çoxdur. Sadəcə, son zamanlar İrana tətbiq olunan sanksiyalar bunu bir az məhdudlaşdırıb. Amma bütün hallarda ARDNŞ-nin NİOC ilə beynəlxalq neft biznesində əməkdaşlıq etməsi mümkündür və vacibdir. Eyni zamanda Prezident İlham Əliyevin İrana səfərində də müzakirə edilən məsələlərdən biri məhz energetika sahəsində qarşılıqlı əməkdaşlıq olub".