Qələbənin 69-cu ildönümü Suraxanıda geniş qeyd olundu
9 May 2014 19:09 (UTC+04:00)
II Dünya müharibəsində faşizm üzərində qələbənin 69-cu ildönümü
Suraxanı rayonunda geniş qeyd olunmuşdur. Ənənəvi 9 May Qələbə Günü
rayonun bütün qəsəbələrində (Əmircan, Bülbülə, Yeni Suraxanı, Zığ,
Qaraçuxur, Hövsan) rayon rəhbərliyinin, qəsəbə nümayəndəliklərinin,
ictimaiyyət nümayəndələrinin və veteranların iştirakı ilə təntənəli
tədbirlər keçirilmiş, abidə komplekslərinin önünə tər güllər
qoyulmuşdur.
Qaraçuxur qəsəbəsində keçirilən tədbirdə iştirak edən Suraxanı
Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov əlamətdar bayram
münasibətilə veteranları və tədbir iştirakçılarını təbrik etmiş,
onlara ən xoş arzularını çatdırmışdır. Rayonun başçısı qeyd
etmişdir ki, Böyük Vətən müharibəsinin iştirakçıları, həmin illərdə
arxa cəbhədə çalışanlar arasında sağ qalanlar - o günlərin canlı
şahidləri bu gün hər birimiz üçün əzizdir. II Dünya müharibəsində
faşizm üzərində qazanılmış qələbədə Azərbaycan xalqının da şərəfli
payı vardır. Müharibə başlananda respublikada orduya səfərbərlik
ümumxalq hərəkatına çevirilmiş, 680 min nəfərdən çox insan
səfərbərliyə alınmışdı. Döyüşlərdə göstərdikləri igidliyə görə
minlərlə soydaşımız orden və medallarla təltif olunmuş, 121 nəfər
azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına, tank qoşunları
general-mayoru Həzi Aslanov isə bu ada iki dəfə layiq görülmüş, 34
nəfər "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif olunmuşdur.
1941 - 1945-ci illərdə Bakıda 63 yeni neft və kimya sənayesi
müəssisəsi tikilib işə salınmış, döyüşən ordunun yanacaqla
təminatında böyük işlər görülmüşdür. Azərbaycan xalqı bu gün
faşizmə qarşı müharibədəki iştirakı ilə fəxr edir. Xalqımız
müharibə veteranlarına dərin ehtiram bəsləyir.
İlqar Abbasov xüsusi vurğulamışdır ki, Ümummilli Lider Heydər
Əliyev daim müharibə veteranlarına xüsusi qayğı və diqqət
göstərmiş, onların problemləri ilə yaxından maraqlanmışdır.
Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan
Respublikasının Prezidentı cənab İlham Əliyevin həyata keçirdiyi
mühüm tədbirlər hesabına müharibə veteranlarının sosial müdafiəsi
daha da yaxşılaşır. Qələbənin 69 illiyi ərəfəsində ölkə başçısı
İlham Əliyevin sərəncamı ilə ilə 1941-1945-ci illər müharibəsi
iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş
döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyə görə orden
və medallarla təltif olunmuş şəxslərə birdəfəlik maddi yardım
verilməsi ölkə rəhbərliyinin veteranlara olan qayğısının bariz
nümunəsidir.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov eyni
zamanda qeyd etmişdir ki, Suraxanı rayonunda həyata keçirilən yerli
proqramlardan biri də rayonun bütün qəsəbələrində müxtəlif
ünvanlarda müharibə və əmək veteranlarının istirahətlərinin
səmərəli təşkil olunması üçün veteranlar güşələrinin
yaradılmasıdır. Ötən dövrdə 13 ünvanda 27 şəhidin xatirəsini
ədəbiləşdirən xatirə kompleksləri əsaslı təmir olunmuş və yeniləri
tikilmişdir.
Çıxış edən veteranlar döyüş xatirələrini söyləmiş, onlara
göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə
minnətdarlıqlarını bildirmişlər.
Daha sonra "Turan" şadlıq sarayında rayonun müharibə veteranları
üçün süfrə açılmışdır.