Millət vəkili 36 ölkənin qadınlarına çağırış edib (FOTO)
10 May 2014 15:08 (UTC+04:00)
Millət vəkili Q. Paşayeva Türkiyədə 36 ölkədən
gəlmiş qadınlara məcburi köçkün qadınlarla bağlı çağırış
edib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki ,
Millət vəkili Qənirə Paşayeva Giresun Universitetində təşkil edilən
"Qadınlar siyasi və sosial həyatda" Beynəlxalq Gender simpoziumun
açılışında geniş çıxış edib.
Dünyanın bütün qitələrini əhatə edən və 36 ölkənin
fəal qadınlarının qatıldığı beynəlxalq simpoziumda qadınlara qarşı
zorakılığın ən böyük insan haqları pozuntularından olduğunu deyən
Giresun Universitetinin rektoru Aygün Attar salamlama və açılış
çıxışında bütün dünyada qadınlara qarşı zorakılığın aradan
qaldırılması üçün birgə səylərin gücləndirilməsinə və qadınlara
yönələn təhsil və araşdırma layihələrinin həyata keçirilməsinin
vacibliyindən danışıb.
36 ölkədən nümayəndələrin qatıldığı beynəlxalq
simpozium açılışındakı çıxışında millət vəkili Qənirə Paşayeva
deyib:
"Qadınlara qarşı zorakılıq mövzusu mənim ölkəm
üçün çox həssas və ağrılı bir mövzudur. Bildiyiniz kimi, Ermənistan
Azərbaycan torpaqlarının 20 faizini işğal edərək, həmin ərazilərdə
etnik təmizləmə siyasətini aparıb. 1 milyon azərbaycanlı 20 ildən
artıqdır ki, məcburi köçkün həyatı yaşayır və Ermənistan onların öz
yurd-yuvasına dönməsinə imkan verməməklə bu insanların təməl insan
haqlarını tapdalamqda davam edir. Yüz minlərlə azərbaycanlı məcburi
köçkün qadınlar 20 ildən artıqdır ki, öz evlərinə dönə bilmirlər,
onlar insan haqları Ermənistan tərəfindən pozulmaqda davam
edir".
Millət vəkili çıxışı ilə dünyanın 36 ölkəsindən
gəlmiş fəal, tanınmış qadınlara 1 milyon azərbaycanlı qaçqın və
məcburi köçkününün Ermənistan tərəfindən 22 ildir pozulmaqda davam
edən haqlarına biganə qalmamağa və öz etiraz səslərini ucaltmağa
çağırıb.