Kolleclərə qəbul buraxılış imtahanlarının nəticələri əsasında aparılacaq
15 May 2014 13:17 (UTC+04:00)
2015-cı ildən Azərbaycanda 11 illik təhsil
bazasından orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu
buraxılış imtahanlarının nəticələri əsasında aparılacaq.
Movqe.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi
mətbuat konfansında bildirib. Onun
sözlərinə görə, bu il ilk dəfə olaraq bu mexanizm 9 illik təhsil
bazasından orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üçün
tətbiq ediləcək. TQDK 11-ci sinifdən orta ixtisas təhsili
müəssisələrinə tələbə qəbulunu bu mexanizmlə aparmaq üçün builki
qəbulun nəticələrinə baxıb həmin mexanizmi təkmilləşdirməyi
planlaşdırır. M.Abbaszadə əlavə edib
ki, gələn il buraxılış imtahanlarının sayı artacaq: "Bu barədə 2 il
əvvəl elan verilib. 2015-ci ildə buraxılış imtahanlarında 1 fənn
artrılacaq. Gələn 9-cu sinifdə əlavə olaraq "Azərbaycan tarixi",
11-ci sinifdə isə 2 fənn -"Kimya" və "Azərbaycan tarixi" fənləri
olacaq. Amma bu, seçim əsasında olacaq. Kimsə kimyanı, kimsə də
Azərbaycan tarixini seçə biləcək. Bu layihə ekspertlər tərəfindən
və Təhsil Nazirliyi ilə razılaşdırılıb. Amma hüquqi qaydalar hələ
dəyişməyib".
TQDK sədri onu da qeyd edib ki, builki buraxılış
imtahanlarında 9-cu sinif məzunlarına 60 sual təqdim ediləcək. Hər
bir düzgün cavab 1 balla qiymətləndiriləcək. Şagirdlər həmin
imtahanda maksimum 60 bal toplaya bilərlər.