Vyetnamda Çinlə mübahisələr fonunda ilk qan töküldü
18 May 2014 13:00 (UTC+04:00)
Vyetnamda Çinlə bu ölkə arasında neft buruqları
uğrunda gedən mübahisələrdə ilk qan töküldü.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki.
ötən gün paytaxt Hanoyda Çin hökumətinin Cənubi Çin Dənizində
qanunsuz fəaliyyət göstərməsinə qarşı etiraz aksiyası keçirilib.
Aksiya zamanı fəallarla onlara qarşı çinli millətçilər arasında
qarşıdurmalar olub. Qarşıdurmalar zamanı iki çinli öldürülüb. Rəsmi
Pekin vəziyyətlə əlaqədar gərginliyin yüksək həddə olduğu
bölgələrdən 3 minə yaxın çinlini təxliyə edib.
Çin mediası daha çox vətəndaşın böhranlı bölgədən
çıxarılması üçün təyyarə və gəmiləri səfərbər etdiyini
bildirib.
Məlumata görə, zorakılıqlar fonunda son bir neçə
gündə etirazçı vyetnamlılar sənaye parklarında Çin, Tayvan və
Cənubi Koreyaya məxsus 15-dən çox xarici zavodları
yandırıblar.
Ekspertlər iki ölkə arasında yaşanan gərginliyin
sonda müharibə ilə nəticələnə biləcəyini
bildiriblər.
Vyetnam hökuməti vətəndaşları zorakılıqlardan
çəkinməyə çağırıb. Hökumət qanunsuz etiraz aksiyalarının qarşısını
alacağı barədə xəbərdarlıq edib.