Təmas xəttində monitorinq planlaşdırılır

19 May 2014 10:35 (UTC+04:00)

Həmsədrlər təmas xəttindən Azərbaycan tərəfə keçməyi planlaşdırırlar

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Tərtər rayonu ərazisində, qoşunların Tərtər-Ağdərə yolu üzərindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. 


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Anspress-ə verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq keçirəcəklər.


Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Xristo Xristov keçirəcəklər.


Monitorinq zamanı ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və ATƏT-in Minsk Qrupunun həmsədrləri 19 may tarixində təmas xəttinin qarşı tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan hissəsinə keçməyi planlaşdırırlar.