Məzun tələbələrin təyianatla göndərişinin bərpa olunması gündəmə gəldi

20 May 2014 08:14 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Qəbulu Komissiyası hər il xeyli sayda şagirdin universitetə qəbul olunduğunu və bir o qədər də tələbənin məzun olduğunu bildirir. Amma acı həqiqətdir ki, həmin tələbələrin heç də hamısı işlə təmin olunmur. Burada yalnız xüsusi təyinatlı ali məktəblərin müdavimlərinin böyük hissəsinin işlə təmin olunduğunu deyə bilərik. Bu da həmin məktəblərin təyinanatlı təhsil verməsi səbəbindən doğan nəticədir. Ancaq məlumdur ki, bu gün aqrar sahə başda olmaqla, bir çox sektorlarımız kadr çatışmazlığından əziyyət çəkir. Xüsusi ilə də rayonlarımızda ixtisaslı kadr çatışmazlığı özünü göstərməkdədir. Odur ki, istər işsizliyin aradan qaldırılması, istərsə də urbanizasiya baxımından təyinatlı təhsil sisteminin bərpası vacibliyi gündəmə gəlir. Bu gün yalnız müəllimlərin regionlara meyl etməsi üçün müəyyən təzminat var. Ekspertlər digər peşə sahibləri üçün də oxşar təzminatların olması ilə yanaşı, təyinatlı təhsil sistemini vacib hesab edirlər.

Riyaziyyatçı, fizika-riyaziyyat elmləri doktoru, professor, Hamlet İsaxanlı da qeyd edir ki, təyinat və stimuulşadırma praktikası çox cüzi miqdarda var: "Məsələn, ucqar rayonlarda müəllim məsələsində tətbiq olunur. Onların maaşlarına əlavələr edirlər ki, ora getsinlər. Amma ən doğrusu o olardı ki, həm dövlət, həm də özəl müəssisələr regionların inkişafını nəzərdə tutaraq əvvəlcədən planlarını qursunlar. Sahələrə uyğun təyinatla tələbələr göndərsinlər. Oxşar praktika dünyanın hər tərəfində var. Ancaq ciddi təbliğ olunmur. Çünki, təhsil sistemində faiz etibarı ilə böyük yer tutmur. Əksəriyyət insanlar ixtisasları özləri seçirlər. Sonradan da iş axtarırlar. Amma ölkəmizdə xüsusi sahələrdə, ən əsası da aqrar sahədə bunu tətbiq etmək olar. Çünki, Azərbaycan aqrar ölkəsi hesab edilir. Aqrar sahədə məşğul olan insanların sayı çoxluq təşkil edir".

Professor əlavə etdi ki, təyinatlı sistemi bütün ixtisaslar üzrə etmək mümkün deyil: "Bazar iqtisadiyyatı olan ölkədə tam planlı təyinat mümükün deyil. Çünki, əmək bazarının böyük hissəsi özəl bölməyə aiddir. Özəl bölməyə də məcburi kadr göndərmək mümkün deyil. Özəl sahələr isə sifarişçi təhsili həyata keçirə bilir. Özəl şirkət inandığı ali məktəblərə sifariş edir. Həmin uşaqların oxunmasında köməklik göstərir. Tələbələrin praktikasını da özü aparır. Hətta olur ki, tələbələrlə yox, ali məktəblərlə müavilə bağlayırlar. Praktikaya gələndə tələbələrin arasından özləri seçim edir".


İqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirdi ki, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq: "Əmək qabiliyyəti varsa, iş tapa biləcək. Ancaq əvvəllər dövlət imtahan komissiyasının sədri kimi nazir gəlirdi. İşçilərini nazir özü seçirdi. İndi isə şöbə müdiri gəlir. Bunu mən düzgün hesab etmirəm. Şöbə müdiri seçim etmirsə, tələbəni işə götürə bilmirsə, onun ora gəlməsi əbəsdir. Əgər nazir müvafiq ixtisas üzrə gəlib kadrların seçimində iştirak edirsə, təyinatlı sistemə keçmək olar. Tələbə əlinə diplom alıbsa, onun harada işləməsinə yönəlik buraxılış işinin müdafiəsində artıq müvafiq idarənin məsul şəxsi, iştirak edən nazir qərar verməlidir. Yaxud da əmək bazarı tənzimləməlidir".

Professor qeyd etdi ki, bizdə əsasən aqrar sahədə problem var: "Amma aqrar sahə özəl sektordur. Özəl sektora məcburi şəkildə kimisə işləməyə göndərə bilmərik. Özəl sektor bununla özü maraqlanmalıdır. Özəl sektor ali məktəbə gəlməlidir. Yaxşı işçi üçün uinversitet rəhbərliyinə müraciət etməlidir. Üstəlik, ali məktəbə maddi yardım da etməlidir. Bununla yanaşı, ali məktəbə aqrar sahədə istifadə edilən texnika da verməlidir. Türkiyədə yaxınlarda iş adamı 5 milyon manatlıq texnikanı universitetə verdi. O bildirmişdi ki, tələbələr 5 milyonluq maşını öyrənsələr, 6 milyonluğu özləri itehsal edəcəklər. Yəni, yaxşı iş adamı ona kadr veriləcəyini gözləməməlidir. İş adamının özü də işləməlidir. Təyinatlı təhsil sistemi tək aqrar sahədə yox, bütün sahələrdə olmalıdır. Universitetlərlə biznes strukturları birgə işləməlidir. Müasir dövrün tələbi var. Biznes strukturlarından kənar universitetlər olmamalıdır".