Xəzərdə də su səviyyəsi qalxmağa başlayacaq

20 May 2014 08:34 (UTC+04:00)

Dünya okeanındakı suyun səviyyəsinin getdikcə artamsı insanları daha çox narahat etməkdədir. Buna səbəb iqlim dəyişikliyi nəticəsində son bir neçə ildə buzlaqların sürətlə əriməsidir ki, bu, dünya okeanında suyun səviyyəsini sürətlə yüksəldir. Britaniya alimlərinin sonq araşdırmaları Arktika buzlaqlarını əriməsi nəticəsində daha 400 kilometrlik quru parçasının sular altında qalacağını göstərir. Bu, həm də flora və faunaya, okeanın duzluluq dərəcəsinə, dünya okeanı ilə əlqəsi olan dənizlərə təsirtəhlükələri gündəmə gətirir. Bu aspektdən Azərbaycan tərəfi də Xəzərə görə narahatçılıq keçirə bilər. Amma alimlərimiz dünya okeanında baş verən hadisələrə görə, qeyri-nikbinliyə əsas görmürülər.

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov bildirdi ki, Arktikada buzlaqlarının əriməsi iqlimin dəyişməsinin nəticəsidir: "Buzların əriməsi dünya okeanın səviyyəsini qaldırır. Ancaq bunun Xəzər dənizi ilə əlaqəsi dolayıdır. Yəni, buzlaqların əriməsini Xəzərdə hiss etmək çətin olar. İqlimin və dünya okeanın səviyyəsinin dəyişməsi özündə bir yenilik gətirəcək. Yer kürəsinin su balansı dəyişəcək. Proses davam edəndə rütubətli ərazilərdə yağıntının miqdarı bir qədər də çoxalacaq. Quraq ərazilərdə isə yağıntının miqdarı azalacaq. Xəzər dənizinin su yığımı əsasən Volqa çayındandır. Volqa çayının ərazisi də rütubətlidir. Ona görə də gələn suyun miqdarı bir qədər çoxalacaq. Bu amil səviyyəni qaldıra bilər. Amma Xəzərin özü quraq zonada yerləşir. Yəni, paralel olaraq buxarlanma da intensivləşəcək. Nə qədər çox su gələcəksə, bir o qədər çox su buxarlanacaq. Dəniz özünü tənzimləyəcək. Həm də səviyyə qalxdıqca səthin sahəsi böyüyür və buxarlanmanın miqdarı çoxalır. Bu da səviyyənin çox qalxmasına imkan vermir. Lakin ümumi tendensiya Xəzər dənizinin səviyyəsinin dəyişməsinə gətirib çıxara bilər".

İnstitutun "Eko-coğrafiya" şöbəsinin müdiri Ənvər Əliyev bildirir ki, Xəzər dənizi qapalı sistemdir, dünya okeanı ilə heç bir əlaqəsi yoxdur: "Xəzər dənizinin oktyabrdan aprel ayına qədər olan müddət ərzində donub-açılması daxili imkanları hesabına olur. Amma təbiətə tələsik qiymət verməyin acı nəticələri çox olub. Buzlaqların əriməsi bizim üçün qorxu yarada bilməz. Lakin belə hal dünya okeanın səviyyəsindən aşağı olan ölkələr və bəzi ovalıqlar üçün problem yaşada bilər. O, Atlantik Okeanın Hollandiya sahillərində, Aralıq dənizinin sahilindəki, o cümlədən dəniz hündürlüyündən az yuxarı olan ərazilərdə yerləşən şəhərlərə problem yaradacaq. Həmçinin ərimənin də periodik olması müəyyələşdirilib. İqlimdə periodika var. Ona görə də kəskin şəkildə qeyd etmək olmaz ki, Arktikanın buzları artıq əridi. Vaxtı ilə deyirdilər ki, ABŞ, Kanada sahillərində buzlar əriyir. Ancaq bu il orada olan soyuqluq normadan da artıqdır. Yəni çoxillik göstəricilərdə cüzi iqlim dəyişikliyi var. Qısa müddətə baxıb iqlimdə dəyişikliyi demək tezdir. Okean sularında bərk halındakı su əgər maye sulara çevrilsə, onda okean sularının duz tərkibində müəyyən dəyişikliklər ola bilər. Bu da ehtimaldır. Həm də gərək dünya okeanınıdakı buzluqlar tamam əriyib qurtara ki, suyun səviyyəsi 7-8 metr qalxa. Onda oradan Azov dənizi sahili ilə Xəzərə su dola bilər. Xəzər dənizinin yalnız Rusiya düzənliyindən Kuma-Manıç çökəkliyi vasitəsi ilə dünya okeanı ilə əlaqəsi ola bilər. Qara dəniz qalxdıqda ordan Kuma-Manıç çökliyi ilə gəlib Xəzər dənizinin səviyyəsini artıra bilər. Orada dəniz səviyyəsinin 7 metr hündürlüyü var. Əgər dünya okeanı 7 metr qalxarsa, Xəzər dənizinə Qara dəniz vasitəsi ilə axın ola bilər. Atlantik Okeanından Aralıq, Mərmərə, Ögey, Qara və Azov dənizinə və ordan da Kuma-Manıç çökəkliyi ilə su Xəzərə gələ bilər. Ancaq okeanın 7 metr qalxma ehtimalı azdır. Xəzər dənizinin özünü qalxıb-enmə məsələsi isə qanunauyğunluqdur. Xəzər dənizində qalxıb-enmə iqlim hadisələri ilə daha çox bağlıdır. Əgər yağıntıların çoxalması baş verərsə, Xəzər dənizinin səviyyəsi qalxa bilər. Təcrübə göstərir ki, Xəzər dənizi 1-1.2 m enib-qalxma amplitudası var".