Suraxanı rayonu Heydər Əliyev Mərkəzində “Bakı kəndlərinə səyahətim” kitabının təqdimatı olub

21 May 2014 14:57 (UTC+04:00)

21 may 2014-cü il tarixdə Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin Elektron lektoriya zalında Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin, Azərbaycan Mətbuat Şurasının və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə tarixçi-publisist Təranə Cəbiyevanın "Bakı kəndlərinə səyahətim" kitabının təqdimatı keçirilmişdir.


Təqdimat mərasimini giriş sözü ilə açan Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova qeyd etdi ki, Bakı və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilir. Bakıda həyata keçirilən abadlıq işlərinIn geniş vüsət alması paytaxtımızın daha da gözəlləşməsinə zəmin yaradır. Təranə Cəbiyevanın müəllifi olduğu "Bakı kəndlərinə səyahətim" kitabı da çoxəsrlik tarixə malik olan Bakı kəndlərinin keçmişindən, mədəniyyət abidələrindən, ziyalılarından bəhs edir. Dövrü mətbuatda istedadlı qələm sahibi kimi tanınan Təranə Cəbiyevanın "Bakı kəndlərinə səyahətim" kitabında Bakı haqqında bir çox tarixi faktlar dolğunluğu ilə seçilir. Kitabda Bakının tarixi abidələri, ziyarətgahları, dini inanc yerləri, görkəmli ziyalıları haqqında toplanmış materiallar verilməklə yanaşı 1918-ci il 31 mart hadisələrindən, ermənilərə qarşı döyüşən türk əsgərlərinin qəhrəmanlığından da söhbət açılır. Kitab etnoqraflar, tarixçilər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.


Təqdimat mərasimində çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova paytaxt Bakının aparılan abadlıq-quruculuq işləri nəticəsində dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyini diqqətə çatdırdı. Sonra Fidumə Hüseynova Bakının tarixini əbədi köksündə yaşadan kəndlərin qədim tarixindən, adət-ənənəlıərindən və ziyalılarından söhbət açdı. O, eyni zamanda "Bakı kəndlərinə səyahətim" kitabını yüksək dəyərləndirərək, bildirdi ki, tarixçi-publisist Təranə Cəbiyeva bir neçə kitabın müəllifidir. Onun yazdıtğı əsərlər içərisində "Bakı kəndlərinə səyahətim" toplusu çoxlu sayda qiymətli mənbələri əhatə etməklə diqqəti çəkir. Kitabda müəllifin hər bir kəndin tarixi haqqında təhrif olunmadan ayrılıqda məlumat verməsi isə təqdirə layiqdir. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya Etnoqrafiya İnstitutunun aparıcıi elmi işçisi, tarix elmləri namizədi İdris Əliyev çıxışında Bakının 18 kəndini əhatə edən "Bakı kəndlərinə səyahətim" toplusunun tarixi-etnoqrafik faktlara əsaslanaraq soykökümüzdən qaynaqlandığını söylədi. İdris Əliyev qeyd etdi ki, bu kitabı digər kitablardan fərqləndirən cəhət toplunun tarix-diyarşünaslıq baxımından hazırlanmasıdır. Daha sonra tədqiqatçı alim İdris Əliyev bildirdi ki, gələcəkdə də Bakının tarixinin araşdırılmasında bu əsərin qiymətli mənbə olacağına şübhə etmirəm.


Sonra tədbirdə Azərbaycan Mətbuat Şurasının sədrinin müavini Müşfiq Ələsgərli, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin direktoru Anar Məmmədov, Nardaran sakini İslaməli Əliyev, Bülbülə Ağsaqqallar Şurasının sədri Mirzəağa Quliyev çıxış edərək toplunun hazırlanmasında, işıq üzü görməsində böyük zəhməti olanlara minnətdarlıq etdilər.


"Bakı kəndlərinə səyahətim" kitabının müəllif tarixçi-publisist Təranə Cəbiyeva çıxış edərək, təqdimatın keçirilməsində xidməti olan Suraxanı rayonu Heydər Əliyev Mərkəzinə, Suraxanı Rayon İcra Hakimiyyətinin rəhbərliyinə, bütün xeyirxah insanlara təşəkkürünü bildirdi. Təqdimatda 3 saylı Uşaq İncəsənət Məktəbinin şagirdi Nərmin Talıblının oxuduğu Azərbaycan xalq mahnısı alqışlarla qarşılandı. Təranə Cəbiyevanın "Bizim Atəşgah" şeirini Isə Zığ qəsəbə kitabxanasının əməkdaşı Zabitə Əliməmmədova söylədi. Sonda Bakının Bülbülə kəndi ilə bağlı filmə baxış keçirildi.