Tovuzda güclü leysan nəticəsində bir neçə kənddə evlərə su dolub, yollar sıradan çıxıb

22 May 2014 11:15 (UTC+04:00)

Kənd təsərrüfatına ciddi ziyan dəyib, rayon mərkəzi və bir neçə dağ kəndi elektrik enerjisiz qalıb

Tovuza yağan güclü yağış bir sıra fəsadlar yaradıb.

 

Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini Mahir Məmmədovun APA-nın qərb bürosuna verdiyi məlumata görə ötən gecə rayon ərazisində yağan yağış daha çox dağ kəndlərində fəsadlara səbəb olub.

 

Rayonun İbrahim Hacılı, Bayramlı, Çapaq, Kirən, İsəkənd, Qarabağlılar, Ağdərə və digər kəndlərində leysan yollarını yuyaraq sıradan çıxarıb.

 

Bundan başqa, kəndlərdə yaşayış evlərinə su dolub. Bəzi evlərin divarlarında çatlar əmələ gəlib.

 

Güclü yağış kənd təsərrüfatına da ciddi ziyan vurub. M. Məmmədovun bildirdiyinə görə, leysan yağış kartof və digər əkin sahələrini yuyaraq tam yarasız hala salıb. Bəzi kəndlərdə iri və xırda buynuzlu heyvanlarında tələf olduğu da bildirilir.

 

Tovuz rayon Elektrik Şəbəkəsinin rəisi Zöhrab Paşayev APA-ya bildirib ki, şimşək çaxması nəticəsində rayonun dağ kəndlərinə gedən elektrik naqilləri sıradan çıxıb.

 

Qovlar şəhərində 110 kilovoltluq yarımstansiyanın da yararsız hala düşdüyünü deyən Z. Paşayev hazırda rayon mərkəzi də daxil olmaqla bir sıra dağ kənddə elektrik enerjisinin olmadığını bildirib.

 

M. Məmmədov hazırda leysanın vurduğu ziyanın araşdırıldığını deyib.