Zorladığı qadını avtomobillə əzdikdən sonra intihar etdi

22 May 2014 13:19 (UTC+04:00)

Almaniyanın Münhen şəhəri yaxınlığında yerləşən Herşinq qəsəbəsində zorladığı bir qadını avtomobillə əzərək ağır yaralayan kişi intihar edib. Anspress-in məlumatına görə, 25 yaşlı qadın səhərə yaxın sonuncu metrodan enib velosipedlə evə getmək istəyib. Bu zaman 28 yaşlı kişi onu döyərək avtomobilinin baqajına qoyub və apararaq onu meşədə zorlayıb. Daha sonra avtomobil ilə qadını əzərək onu ölmüş sayıb və qaçıb. Təxminən 1,3 kilometr sürünən qadın bir evə sığınıb və ağır yaralı halda xəstəxanaya aparılıb. Təxminən 9 saat sonra Münhenin Truderinq səmtində bir kişinin özünü qatarın altına ataraq intihar etməsi xəbəri gəlib. İntihar edən adamın avtomobilini Qronsdorf metro stansiyasının yanında tapan polislər avtomobildəki bəzi dəlil və izlərdən onun zorlama hadisəsi ilə əlaqəli olduğunu ortaya çıxarıb. Aparılan DNT testləri intihar edənlə qadını zorlayaraq qaçanın eyni adam olduğunu sübut edib.