Ölkəmiz qoşulduğu növbəti forumda da Dağlıq Qarabağ probleminin həlli istiqamətində növbəti uğura imza atdı. Belə ki, Çinin Şanxay şəhərində keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısında yekun bəyannamə qəbul edildi. Azərbaycan da daxil olmaqla 24 ölkənin qəbul etdiyi bəyannamədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi maddə əks olunub. Bəyannamədə deyilir ki, Ermənistan və Azərbaycan arasındakı münaqişənin həll olunmaması, beynəlxalq və regional təhlükəsizliyə təhlükə mənbəyi olmaqda davam etməsi bizi narahat edir: "Biz bu münaqişənin beynəlxalq hüququn prinsip və normaları və bu çərçivədə qəbul olunmuş qərar və sənədlər əsasında sülh yolu ilə həll olunmasını dəstəkləyirik. Bu məqsədlə biz ATƏT-in Minsk qrupunu münaqişənin həll olunması istiqamətində öz səylərini daha da artırmağa çağırırıq".
Prezident yanında İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Elman Nəsirli bildirdi ki, cənab Prezident İlham Əliyev də Zirvə toplantısında Azərbaycanın mövqeyinin, ərazi bütövlüyünün beynəlxalq təşkilatların tanıdığıın qeyd etdi: "Eyni zamanda vurğuladı ki, ATƏT, AŞPA, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər qurumlar bu münaqişənin beynəlxalq hüquq çərçivəsində, dinc yolla həllinə tərəfdardırlar. Məsələyə bu kontekstdə yanaşdıqda, dünya əhalinin təxminən 4 milyardını əhatə edən bir regionda keçirilən müşavirədə beynəlxalq hüquq çərçivəsində münaqişənin həlli ilə bağlı bəyannamənin öz əksini tapması çox müsbət hadisədir. Nəticə etibarı ilə Azərbaycanın münaqişənin həlli ilə bağlı mövqeyinin beynəlxaq hüquq baxımdan təsdiqlənməsi, dəstəklənməsi istiqamətində növbəti addımdır. Amma bunun Ermənistanın mövqeyini dəyişdirəcəyi düşüncəsinə gəlməməliyik. Belə hallar bizim hüquqi mövqelərimizi möhkəmləndirir. Münaqişənin həlli ilə bağlı istinad edə biləcəyimiz sənədlərin sayını artırır. Bu baxımından müsbət hadisədir. Hansısa bir gündə münaqişənin dinc yolla həllinin tükəndiyi və onun yalnız hərbi yolla imkanlarının üzə çıxdığı bir məqamda istinad nöqtəmiz həmin sənədlər olacaq. Ancaq bəyannamə Ermənistanın mövqeyini dəyişməyəcək".
Digər politoloq Elşən Mustafayev bildirdi ki, Çini çıxmaq şərti ilə Asiya ölkələri Qarabağ məsələnin həllində xüsusi rola malik deyil: "Qarabağla bağlı beynəlxalq təşkilatların qəbul etdiyi bəyannamələrin hamısında Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı müddəalar xüsusi yer tutur. Həmçinin məsələnin sülh yolu ilə həll olunması xüsusi vurğulanır. Ümumiyyətlə, bu şəkildə olan bəyannamələrin qəbul edilməsi yaxşı haldır. Amma bəyannamələrin icra mexanizmləri yoxdur. 22 ildə qəbul olunan bəyannamələrin icra mexanizmləri olsaydı, problem çoxdan həll olunmuşdu. Bu cür bəyannəmələrin qəbul olunması ona əsas verir ki, bu günə qədər Qarabağın Azərbaycanın torpağı olmaması heç kəs tərəfindən tanınmayıb. Amma bəyannamələrin məsələsinin həllinə gətirib çıxara biləcək konkret, ciddi rolu azdır. Məsələnin həlli bəyannamədən yox, qarşı tərəflərin, eyni zamanda problemi yaradan ölkələrin siyasi iradəsindən asılıdır. Belə bəyannamələrin qəbul olunması problemin həllinə maneçilik tördərən ölkələrə bir mesajdır. Həqiqətən, Qarabağ məsələsi region üçün gələcəkdə həll olunmamış problem kimi təhlükəyə çevriləcək. Abxaziyanın, Cənubi Osetiyanın müstəqilliyini Rusiya tanıyıb. Bu, Gürcüstan üçün böyük problemdir. Ancaq hələlik həmin təhlükə Qarabağda yoxdur. Bunun da əsas səbəbi problem yaranan gündən Azərbaycanın məsələnin üzərinə ciddi getməsidir. Hələlik Azərbaycan işğal olunmuş ərazilərini müstəqil subyekt kimi fəaliyyətinə imkan verməyib".