Xəbər verildiyi kimi, Çinlə Rusiya arasında nəhəng qaz müqaviləsi imzalanıb. Müqavilə Rusiyanın "Qazprom" şirkəti ilə Çinin Milli Neft-Qaz Korporasiyası CNPC arasında bağlanıb. Müqaviləyə əsasən Rusiya sonrakı 30 il ərzində Çinə ildə 38 milyard kubmetr qaz ixrac etməlidir. Müqavilənin ümumi dəyərinin 400 milyard dollar olduğu bildirilir. Ukrayna ətrafında yaranmış situasiyadan sonra Avropa İttifaqının Rusiya qazından asılı olmaqdan yaxa qurtarmaq istəyi fonunda bu müqavilə Azərbaycan və Mərkəzi Asiya ölkələri, xüsusi ilə də Türkmənistanın Qərbə qaz ixracı imkanlarının artmasına yeni təkan verə bilər. Çünki Avropa özü artıq qeyd edilən mənbələrdən qaz almaqğa daha çox səy göstərməkdədir.
Energetika məsələləri üzrə ekspert Zəfər Vəliyev ilk öncə Rusiyanın Çinlə bağladığı qaz müqaviləsində uduzduğunu dedi: "Rusiyanın Çin ilə müqavilə bağlaması o deməkdir ki, artıq Rusiyanı Asiya bazarlarına sıxışdırırlar. Asiya bazarları isə Avropa bazarlarına nisbətən daha ucuzdur. Belə olan vəziyyətdə Azərbaycana imkanlar yaranır. Bu kontekstdə Azərbaycanın gələcəkdə Avropaya böyük miqdarda qaz ixrac etmək imkanları aktivləşə bilər. Çünki, 2019-cu ildə Transadriatik Boru Kəməri istismara veriləcək. Onun hələ ki, birinci mərhələdə Avropaya ixrac potensialı 16-17 milyard kubmetr səviyyəsində olacaq. Amma Azərabaycanın digər qaz yataqları var. Həmin yataqlardan qaz hasil edildikcə Cənub Qaz Dəhlizinin imkanları daha da genişlənəcək. Biz Avropa məkanında yerləşdiyimizə görə, təbii ki, Azərbaycan ixraca yönəltdiyi qazın böyük hissəsini Avropa bazarlarında satmalıdır. Bizim başqa yolumuz yoxdur. Biz Asiya bazarlarına çıxa bilmərik. Şimala – Rusiyaya böyük miqdarda qaz sata bilmərik. Ona görə də perspektivdə Azərbaycanın Avropaya daha böyük miqdarda qaz ixrac etmək imkanları daha da genişlənir. "Şahdəniz"dən başqa, "Ümid", "Babək", "Abşeron" və digər qaz yataqlarımız var. Həmin yataqlardan hasil ediləcək qaz Avropa bazarlarına çatdırılacaq. Həm də yaxın 10 ildə Azərbaycanın ixrac potensialı artacaq. Həmin müddətdə isə Rusiya qazının böyük bir hissəsinin Avropa bazarında satışının şahidi olmayacağıq".
Ekspert Qərblə Rusiya arasında
münasibətlərinin pisləşməsinin "Transxəzər" qaz kəmərinə də
faydasının olacağını bildirdi: "Bir neçə gün əvvəl energetika
naziri Natiq Əliyev də bir bəyanat verdi ki, Azərbaycan həyata
keçirdiyi ixrac kəmərlərinin inşasında, kəmər diplomatiyasında
həmişə Mərkəzi Asiyanın ixrac imkanlarını nəzərə alıb: "Bu, özünü
həm Bakı-Tiflis-Ceyhan, həm Bakı-Tiflis-Ərzurum qaz kəmərində, həm
cənub enerji dəhilizində gerçəkləşəcək, TANAP, TAP layihələrində
göstərib. Bu, o deməkdir ki, gələcəkdə böyük miqdarda həm
Azərbaycan, Türkmənistan, həm də Qazasıxtan qazı Avropa bazarlarına
çatdırıla bilər. Paralel olaraq 2009-cu ildən Ukrayna ilə Rusiya
arasındakı qaz anlaşılmazlığından sonra Avropa strukturları
alternativ mənbələr axtarışına başlayıb. O mənbələrdən biri də
Azərbaycan və Mərkəzi Asiya Respublikalarıdır. Azərbaycan "Şahdəniz
qaz-kondensatı Mərhələ-2" layihəsi çərçivəsində hasil edəcək qazı
Avropaya ixrac edəcək. Bunun artıq uzunmüddətli qaz alqı-satqısına
bağlı müqavilələri də mövcuddur. İkinci tərəf isə Türkmənistandır.
Türkmənistan öz qaz ehtiyatlarına görə dünyada ilk dördlükdə olan
dövlətdir. Təsdiq olunmuş qaz ehtiyatları 25 trilyon kubmetrdir.
Ona görə də yaxın perspektivdə Türkmənistan qazının da Azərbaycan
üzərindən Avropaya ixrac imkanları mövcuddur.
Artıq bizim Türkmənistan ilə yanacaq enerji sahəsində möhkəm
əlaqələrimiz var. Bir neçə ildir ki, Türkmənistan
Bakı-Tiflsi-Ceyhan vasitəsi ilə hasil etdiyi neftin bir hissəsini
xaricə satır. İldə 3 milyon tona yaxın türkmən, 4 milyon tona yaxın
isə Qazaxıstan nefti Azərbaycan vasitəsi ilə xaricə satılır. İşlərə
Qazaxıstan bir neçə il əvvəl başlayıb. Dübəndi terminalı Qazaxıstan
neftinin qəbulu üçün nəzərdə tutulmuşdu. Avropa strukturları eyni
zamanda Türkmənistan ilə danışıqlar aparır. Türkmənistanın Avropa
Komissiyası ilə qaz memorondomu mövcuddur. Türkmənistanın özündə
Şərq-Qərb qaz boru kəməri layihəsi həyata keçirilir. Son nöqtə
Xəzər dənizinin sahilində dayanacaq. Bu, o deməkdir ki,
Türkmənistan yaxın perspektivdə şərq vilayətlərində yerləşən
yataqlardan hasil etdiyi qazın bir miqdarını Xəzər dənizinin dibi
ilə Azərbaycan üzərindən Avropaya ixrac edəcək".