Yas çadırları ilə bağlı şok iddialar üzə çıxır

23 May 2014 15:37 (UTC+04:00)

Bir müddət öncə Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Azərbaycanda yas çadırlarının yığışdırılması təklifilə çıxış edib. Uzun müddətdir ki, bu haqda gedən söhbətlərə QMİ sədri münasibət bildirərkən, çadırların yığışdırılmasının onunla əsaslandırıb ki, belə yerlərdə yaranan qarışıqlıq, səs-küy dini ayinlərin icrasına maneçilik törədir. Eyni zamanda bu mərasimlərdə edilən ifratçılıq  ön plana çəkilib. Allahşükür Paşazadə çıxışında bildirib ki, molla məclisdə 2-3 saat oturmalıdır : "O gəlib 2-3 saat Qurani-Kərim oxuyub, Fatihə verib getməlidir. Yoxsa əks halda insanlar Qurana hörmət etmirlər. Bir yandan surə oxunur, bir yandan da insanlar yeyir, içir, söhbət edirlər". A.Paşazadənin sözlərinə görə, yas məclisinə kimsə gedirsə, hüzr verib qayıtmalıdır. Qurana, moizəyə qulaq asmaq istəyən isə məscidə getməlidir. 

İlahiyyatçı Elşad Miri Mövqe.az saytına verdiyi açıqlamada bildirib ki, ümumiyyətlə, İslamda yas mərasimi deyilən bir anlayış yoxdur, olmayıb da: "Bugünkü yas mərasimlərinin təşkil olunmasında məqsəd insanların orda dini maarifləndirilməsi, mütərəqqi fikirlər aşılanması deyil. Bunlar hamısı müəyyən biznes məqsədlərinə xidmət edir. Yas çadırlarının yığışdırılması mənim çoxdandır gözlədiyim məsələ idi. Amma burdan yığışdırılıb başqa yerə köçürülməsi də məqsəduyğun deyil. Bununla dəyişən heç nə olmayacaq. Yenə də eyni məqsədlər güdüləcək. Əslində, İslam dinində yas mərasimi anlayışı yoxdur. İslama görə, bir insan öləndə ona 3 günə qədər yas saxlamaq olar. Düzdür, ölünün yaxınlarını ziyarətə, baş sağlığı verməyə gələnlər ola bilər. Lakin  xüsusi mərasim qurmaq, orda molla gətirtmək, ölü üçün Quran oxumaq, ağlaşma qurmaq, mərsiyə demək və s. bunların dinə aidiyyatı yoxdur və olmayıb da. Dinə görə, insan öldüyü zaman meyid yuyulur, kəfənlənir, cənazə namazı qılınır və dəfn edilir. Bundan başqa olanların ölüyə faydası yoxdur ki, diriyə zərəri var. Ölü yaxınları bundan həqiqi mənada zərər çəkirlər. Bunlar İslamın mahiyyətinə uyğun məsələlər deyil". 

Bu arada ANS TV-nin məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsindən yas çadırlarının ləğvi təklifinin səbəbləri ilə bğalı daha bir maraqlı ehtimal meydana çıxıb. Ehtimal belədir ki, bəzi hallarda yas çadırlarına radikal qruplaşmalar nəzarət etməyə çalışır. Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Salman Musayev deyir bəzi çadrlar var ki, onlardan radikal yönümlülər istifadə edir: "Müəyyən saatdan sonra yas mərasimini bitirmək lazımdır. Sonra hərə öz işinə-gücünə getməlidir. Bu, Quranda da buyrulub".

Təkliflərdə yas mərasimlərinin məscidlərdə, yaşayış evlərinin yaxınlığında xeyir-şər üçün nəzərdə tutulmuş yerlərdə keçirilməsi göstərilib. Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini deyir ki, bu məkanlarda mərasimin hansı din xadimi tərəfindən aparıldığına və onun dini söhbətlərinə nəzarət etmək mümkündür.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayevin sözlərinə görə, molla orada nədən danışır, kimi hansı cərəyana cəlb edirlər, bunlar çox vacibdir: "Elə çadırlarda nəzarət mümkün deyil. Kim istəsə, gəlib girir, orda istədiyini edə bilir".