MTN 11 nəfəri saxladı
23 May 2014 23:43 (UTC+04:00)
İrandan Azərbaycana 19 kq-a yaxın narkotik vasitə
keçirilməsinin qarşısı alınıb, 11 nəfər tutulub.
Azərbaycan Respublikası Milli Təhlükəsizlik
Nazirliyi (MTN) İctimai Əlaqələr Mərkəzindən ANS PRESS-ə verilən
məlumata görə, MTN tərəfindən həyata keçirilmiş əməliyyat
tədbirləri nəticəsində ümumilikdə 19 kiloqrama yaxın narkotik
vasitənin İran İslam Respublikasından (İİR) qaçaqmalçılıq yolu ilə,
yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək
Azərbaycan Respublikasının ərazisinə qanunsuz daşınmasının qarşısı
alınıb. Bu hüquqazidd əməllərin törədilməsinə görə 11 nəfər şübhəli
şəxs qismində tutulub.
Keçirilmiş baxışlar zamanı ayrı-ayrılıqda 1
kiloqram 187 qram heroin, 8 kiloqram 500 qramdan artıq tiryək, 1
kiloqramdan artıq həşiş və 8 kiloqram 201 qram qurudulmuş marixuana
aşkar edilərək götürülüb.
Bütün faktlarla bağlı Milli Təhlükəsizlik
Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup
şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və
234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli
miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya
satma) maddələri ilə cinayət işləri başlanılıb. Azərbaycan
Respublikasının vətəndaşları - Mehtiyev Qədir Sayad oğlu,
Feyzullayev Əhliman Rasim oğlu, Nəsibov Elçin İsa oğlu, Abdullayev
Kamran Hacı oğlu, Bağırov Elçin Əkbər oğlu, Abbasov Zahid Sərhəng
oğlu, Cavadov Elmin Ədalət oğlu, Düniyev Elman Zabil oğlu, Muradov
Rəşad İlqar oğlu, Mirzəyev İsmayıl Rafiq oğlu, Əkpərov Teymur
Fikrət oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq
barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri
seçilib.
Cinayət işləri üzrə bütün halların araşdırılması,
bu qanunazidd əməllərin digər iştirakçılarının müəyyən edilməsi
üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri
davam etdirilir.