Erməni kəşfiyyatından Azərbaycana yeni təxribat (VİDEO)
26 May 2014 00:00 (UTC+04:00)
Azərbaycanda etnik azlıqlar arasında separatçılıq
meylləri yaymaq üçün çalışan Ermənistan xüsusi xidmət orqanlarının
daha bir təxribatı məlum olub.
Movqe.az-ın Virtualaz.org-a istinadən məlumatına
görə, mayın 24-də YouTube portalında "Ani Margaryan" adlı admin
tərəfindən Azərbaycanın cənub və mərkəzi regionlarından ibarət
"Şirvan fars respublikası"nın "himni" adı altında videorolik
yerləşdirilib.
Ermənistan xüsusi xidmət orqanlarına bağlı olan və
Azərbaycana qarşı durmadan düşmən təbliğatı aparan animargaryan.org
saytının iddiasına görə, həmin "himni" internetdə "Şirvan Azadlıq
Cəbhəsi"nin Abşeron özəyinin A.A. adlı "təmsilçisi" yerləşdirib.
Həmin "təmsilçi" sayta müsahibə də verib.
Xatırladaq ki, Azərbaycanda "Şirvan Azadlıq
Cənhəsi" adlı gizli təşkilatın yarandığı haqda ilk dəfə bu ilin
martında İrəvan Dövlət Universiteti şərqşünaslıq fakültəsinin
dosenti Vardan Voskanyan danışmışdı.
Ötən ilin payızında bədnam separatçı Ələkrəm
Hümbətovun Ermənistana və işğal altındakı Dağlıq Qarabağa səfərini
təşkil edən V.Voskanyan bildirmişdi ki, bu günlərdə Azərbaycanda
"Qafqaz farsları-tatlar" tərəfindən "Şirvan Azadlıq Cəbhəsi" adlı
təşkilat yaradılıb.
"Bu təşkilat gizli fəaliyyət göstərəcək. Onun
məqsədi Azərbaycan ərazisində Şirvan fars dövlətinin
yaradılmasıdır" - deyə Voskanyan əlavə etmişdi.
Həmin vaxt sosial şəbəkələrdə "Şirvan Azadlıq
Cəbhəsi"nin emblemi və bəyanatı da yerləşdirilmişdi. Mayın 16-17-də
İrəvanda keçirilən konfransda yenidən bu barədə
danışılıb.
Bəs Azərbaycanda Ermənistan xüsusi xidmət
orqanlarının dəstəyi ilə doğrudanmı "Şirvan Azadlıq Cəbhəsi" adlı
gizli separatçı təşkilat yaradılıb və bu təşkilatın adından YouTube
portalında "fars dövləti"nin "himnini" yerləşdirən
kimdir?
Şübhəsiz ki, əgər belə gizli təşkilat doğrudan da
yaranıbsa, Azərbaycan xüsusi xidmət orqanları onu izləyir və
fəaliyyətini nəzarət altında saxlayır. O cümlədən internetdə həmin
"himnin" kim tərəfindən yerləşdirildiyini müəyyən etmək də
Azərbaycan xüsusi xidmət orqanları üçün çətin
deyil.