Azərbaycan Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında mayın 26-da imzaladığı sərəncamın icrasına başlanıb.
Trend-in məlumatına görə, bu gün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətə məxsus müəssisələrdə Prezidentin Əfv sərəncamının icrasına başlanılıb.
Qeyd edək ki, sərəncama əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 157 nəfər cəzanın çəkilməmiş hissəsindən, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər, islah işləri cəzasına məhkum edilmiş 1 nəfər və cərimə cəzasına məhkum edilmiş 11 nəfər isə cəzadan tam azad ediliblər.
Xatırladaq ki, Əfv olunan şəxslər arasında jurnalist Fərəməz Allahverdiyev, AXCP-nin Suraxanı rayon təşkilatının üzvü Rahib Hacıyev və AXCP-nin keçmiş üzvü Daşqın Məlikov da var. Əfv olunanlardan 13-ü İran İslam Respublikasının, 1-i Əfqanıstan, 1-i Türkmənistan və 1-i Belarus vətəndaşlarıdır.
Mayın 26-da Prezident məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq Əfv sərəncamını imzalayıb.