Bu gün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı Cəzaçəkmə müəssisəsində ölkə prezidenti İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamının icrası başa çatıb. Movqe.az-ın əməkdaşı Penitensiar Xidmətin müəssisələrində əfv sərəncamının icrası prosesinin gedişini izləyib. 4 saylı Cəzaçəkmə müəssisəsindən azadlığa 3 qadın buraxılıb. Azadlığa çıxan məhkumlar sevinclərini Movqe.az-a bölüşüblər. Bu gün 4 saylı cəzaçəkmə müəssisəsindən azadlığa çıxanlardan biri də İran İslam Respublikası vətəndaşı Fəttahova Gülnarə Fəttah qızı olub.G. Fəttahova narkotik vasitələrin alqı-satqısına görə 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunsa da, dəmir barmaqlıqlar arasında 1 i 11 ay qalıb: "Cənab prezidentimiz sağ olsun. Məni də əfv olunanların siyahına saldı. 30 yaşında evdə bir qızım var. Qızım nişanlıdır,məni gözləyirdi ki, xeyir-dua verim ata evindən gəlin köçsün. İndi bir arzum var qızımı ağ duvaqda gəlin köçürüm. Cənab prezidentə minnətdaram. Əməlimdən çox peşimanam".
Azadlığa çıxan daha bir qadın isə Yeganə Zülfüqarovadır. Cəzaçəkmə müəssisəsində nümunəvi davranışı ilə seçilən bu xanım sevincini iki kəlmə ilə bölüşdü: Çox sevincliyəm. Cənab Prezident məni balalarıma qovuşdurdu. Bundan böyük nə xöşbəxtlik ola bilər ki, qadın üçün".
Qeyd edək ki ölkə başçısının əfv sərəncamı ümumilikdə 175 məhkuma şamil olunub. Sərəncamla azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 157 şəxs cəzanın çəkilməmiş hissəsindən, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər, islah işləri cəzasına məhkum edilmiş 1 nəfər cəzadan, 11 nəfər isə cərimə cəzasından azad edilib. Əfv sərəncamı bəzi xarici ölkə vətəndaşlarına da şamil olunub.