Azərbaycan gömrüyü gücləndirilmiş iş rejiminə keçdi

27 May 2014 18:37 (UTC+04:00)

Azərbaycanın Rusiya ilə sərhədindəki gömrük postları orada yaranmış növbənin aradan qaldırılması üçün gücləndirilmiş rejimdə çalışır. 


Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.


Rusiya-Gürcüstan sərhədi ərazisində baş vermiş sürüşmə səbəbindən Türkiyəyə tranzit yüklər daşıyan avtomobillər Azərbaycan ərazisindən keçməyə məcbur olublar. Böyük avtomobil axını Azərbaycan-Rusiya gömrüyündə yubanmalara səbəb olub ki, bu da sərhədin hər iki tərəfində onlarla maşından ibarət növbənin yaranmasına gətirib çıxarıb.


DGK-dan deyiblər ki, nəticədə gömrük postları gücləndirilmiş iş rejiminə keçib və bir avtomobilin sənədləşdirilməsinə ayrılan vaxt 20 dəqiqədən 8 dəqiqəyədək azaldılıb: "Hazırda artıq 200-dən çox avtomobil sərhəddən buraxılıb".