Məlumat verildiyi kimi, bu günlərdə Binəqədi rayonu Novxanı qəsəbəsinin ərazisində yerləşən "Aqua Park" İstirahət Mərkəzində Abşeron rayon sakini Toğrul Alışov hovuzda çimərkən boğularaq ölüb. Bundan öncə isə Qobustan rayonunun "Bağbağat" İstirahət-əyləncə Mərkəzində daha bir faciə qeydə alınıb. Bakı Oksford Məktəbinin müəllim və şagirdlərinin əyləndiyi atraksionlardan biri aşıb. Nəticədə 10 yaşlı Qorcu Dəniz Tərlan qızı hadisə yerində dünyasını dəyişib. Ekspertlər isə belə bədbəxt hadisələrin turizm və istirahət mərkəzlərində təhlükəsizlik tədbirlərinə əməl olunmaması və maarifləndirmə işlərinin aparılmaması ilə izah edir. Hesab edilir ki, istirahət mərkəzlərinə dincəlməyə gələnləri oradakı əyləncə vasitələrindən necə istifadə etmələri haqda təlimatlandırmaq lazımdır.
Turizm məsələləri üzrə ekspert Elxan Vəliyev qəzetimizə bildirdi ki, 2012-ci ilin dekabr ayında mehmanxana və mehmanxan tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi, qiymətləndirmədə meyarların tədbiq edilməsi barədə dövlət standartı təsdiq edilib: "Təhlüksizlik xidmətləri ilə bağlı məlumatlar da öz əksini burada tapıb. Bundan başqa, Azərbaycanda 2010-2014-cü illərdə turizmin inkişafına dair dövlət proqramının da icrası öz həllini tapdı. Amma təəssüflər olsun ki, əyləncə mərkəzlərini rəhbərlərinin daha çox diqqətsizliyinin nəticəsində belə hadisələr baş verir. Əyləncə mərkəzləri fəaliyyətə başlayarkən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Mədəniyyət və Turizm Nazirliyi, Fövqəladə Hallar Nazirliyindən aktlar alaraq lisenziya üçün təqdim edirlər. Adətən, bu zaman hər bir təhlükəsizlik xidmətləri qaydasında olur. Amma sonradan əyləncə mərkəzlərinin rəhbərlərinin səhlənkarlığı ucbatından belə hadisələr baş verir".
Ekspert əlavə etdi ki, ixtiyarı əyləncə mərkəzinə daxil olmamışdan öncə işçilər tərəfindən müştərilərə təhlükəsizlik qaydalarına dair məlumatlar verməlidirlər: "Hətta vətəndaşların özləri də bu qaydaları tələb etməlidirlər. Xüsusi ilə uşaq əylənəcə mərkəzlərində nəzarətçilər olmalıdır. Həmçinin qaydalar yazılı şəkildə lövhələrdə asılmalıdır. Əyləncə mərkəzində hansısa atraksionda kiçikcik nasazlıq varsa, ondan istifadə dərhal dayandırılmalıdır. Təmir edildikdən sonra istifadəyə verilməlidir. Təbii ki, hər bir uşaq əyləncə mərkəzinə müvafiq nəzarətçilər ayrılır. Sadəcə, diqqətsizliyin nəticəsində belə hadisələr baş verir. Digər tərəfdən uşaqların təhlükəsizliyi həm də valideynlərdən asılıdır. Orada hansısa nəzarətçi, mühafizçi yoxdursa və təhlükəsizliklə bağlı lövhə asılıbsa, yazılana riayət edilməlidir. Ən əsası isə müştərilər istirahət mərkəzlərinə gedərkən sığorta tələb etməlidirlər. Azərbaycanda isə istirahət mərkəzləri ilə işləyən cəmi bir sığorta şirkəti var. O da hələ bu sahədə yeni fəaliyyətə başlayıb. Sığorta özünə bazar axtarır. Bu bazarı inkişaf etdirə bilər. Müştərilər əlavə 2 manat sığorta ödənişindən daim yayınmağa çalışıblar. Amma belə olmamalıdır. Düzdür, xaricə istirahətə gedəndə insanların əksəriyyəti sığortanı özləri tələb edir. Amma daxili turda sığortaya meyl etmirlər".
Ekspert bildirdi ki, Bakıda da əyləncə mərkəzlərində təhlükəsizlik dərəcəsi istənilən səviyyədə deyil: "Rayonlarda isə bu, problem olaraq qalır. Hətta yeni işçilər daxil olarkən onlara texniki-təhlükəsizlik qaydaları ilə tanış edilməlidir. Adətən, turizm daha yaxşı inkişaf etmiş rayonlarımızdakı əyləncə mərkəzlərində təhlükəsizlik sahəsini müsbət qiymətləndirmək olar. Hadisələr adətən nisbətən zəif qulluq olan əyləncə mərkəzlərində baş verir. Ancaq müvafiq qurumlar lazımi vaxtlarda yoxlamalar keçirir".