Azsaylı xalqların problemləri müzakirə olunub

27 May 2014 13:12 (UTC+04:00)
Beynəlxalq mətbuat mərkəzində "Etnoqlobus" (ethnoglobus.az) Beynəlxalq onlayn informasiya – analitik mərkəzinin "Azərbaycanda yaşayan etnik azlıqların problemləri : təzahür formaları" mövzusunda konfransı keçirilib. Movqe.az xəbər verir ki, konfrans "Etniklik azərbaycançılığın amillərindən biri kimi" müddətsiz layihə çərçivəsində keçirilir. Layihəyə ötən ilin dekabrında start verilib. Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının Tarix, Etnoqrafiya, Folklor instiutlarının alimləri, Azərbaycanda yaşayan etnosların nümayəndələri, ekspertlər iştirak edib. Konfransın təşkilatçısı Etnoqlobus" mərkəzinin direktoru , politoloq və ekspert Gülnara İnanc giriş sözündə ölkədə yaşayan etnosların həqiqətən müəyyən problemləri olduğunu diqqətə çatdırıb. "Dünyanın heç bir yerində ideal dövlət yoxdur. Konfransı keçirməkdə məqsəd də həqiqətən mövcud olan problemləri bir daha üzə çıxarmaq və onların həlli yollarını təklif etməkdir",-deyib G.İnanc. Daha sonra söz alan ləzgi dilində nəşr olunan "Alam" jurnalının redaktoru Abir Eçexvi Azərbaycanda ləzgi dilində 2 qəzet və 2 ədəbi-bədii jurnalın çap olunduğunu qeyd edib: "Ölkəmizdə etnik azlıqların dilində kitab, qəzet və jurnal nəşr etməyə qadağa yoxdur. Heç kəs bizim fəaliyyətimizə və nəşlərimizi yaymağa mane olmur. Amma dövlətin maliyyə dəstəyi olmadığı üçün hər nömrənin çapı üçün sponsor axtarmalı oluruq." A.Eçexvinin üstündə dayandığı ikinci məsələ isə etnik azlıqların dillərində radio və TV verilişləri ilə bağlı olub: "Azərbaycan Tele-radio şirkətinin Beyəlxalq radio verilişləri şöbəsinin nəzdində ləzgi, talış , kürd dillərində həftədə 2 dəfə və 15 dəqiqə olmaqla radio verilişləri verilir. 15 dəqiqənin təxminən yarısı rəsmi xəbərlərə ayrılır. Yerdə qalan vaxtda həm etnik musiqi verilməli, həm maraqlı şəxslər haqda danışılmalı, folklor nümunələri və sair təqdim olunmalıdır. Təbii ki, bu vaxt yetərli deyil. Əvvəl Ləzgi dilində proqram redasiyasında 3 nəfər işləyirdi, 2 nəfər ixtisar olundu. İndi bütün yükü yalnız bir nəfər daşıyır - Ruslan Şeydaev. Bundan əlavə həmin verilişlər qısa dalğada yayımlandığı üçün Azərbaycan ərazisində eşidilmir." G.İnanc çıxışçının sözlərinə əlavə edərək bildirib ki, o, bu məsələ ilə bağlı talış, kürd və ləzgi radiosunun redaktoları rəhbərliyə müraciət ediblər. "Ötən il Azərbaycan Tele-radio şirkətinin Beynəlxalq yayımlar şöbəsinin rəhbərliyi ilə görüşmüşəm. Rəhbərlik artıq etnik dillərdə yayımlanan radio verilişlərinin FM dalğasında yayılması və efir vaxtının uzadılması məsələsinin müzakirə olunduğunu bildirib. " Azəri-talış ictimai birliyinin sədri Mehdibəy Səfərov Azərbaycanda etnokulturalizmin səviyyəsinin çox yüksək səviyyədə olduğuna diqqəti çəkib: "Talışlar ad günlərini, toyları, bayramları öz ana dillərində, doğma musiqi sədaları altında keçirir. Toylarda Azərbaycan türkləri və digər xalqlar məmnuniyyətlə talış musiqisinin sədaları altında oynayır. Ləzgi və digər xalqların toyları da eynilə. Amma dövlətin ölkədə yaşayan etnosların mədəniyyətinin və dilinin inkişafında rolu vacibdir. Etnik münasibətlər dövlətin onurğasıdır. 2000-ci illərin əvvələrində etnik məsələlərə özbaşına buraxıldı. Ötən ay Kamal Abdullanın rəhbərliyi altında Azərbaycan prezident yanında millətlərarası münasibətlər, multikulturalizm və din üzrə müşavir institutunun bərpa olunması böyük ümidlər yaratdı. Əvvəl etnik məsələdən bir qorxu vardı. K.Abdulla isə məsələnin üstünə cəsarətlə gedir. Məsələn, Kamal müəllim "Cənub" TV-də talış dilində verilişlərin olmasını dəstəkləyib. " M.Səfərov deyib ki, Azərbaycanla demokratik institutların inkişafı, qanunların işləməsi , vətəndaş cəmiyyətinin inkişafı ölkədə yaşayan bütün xalqların milli haqqlarının təmin olunması üçün münbit şərait yaradar. Azərbaycan Ukrayna icmasının Sumqayıt şöbəsinin rəhbəri Liderova Nadejda Petrovna da Azərbaycanda rusca verilişlərin yox dərəcəsində olduğuna diqqət çəkib: "Azərbaycanda rus dilində təhsil yetərincədir. Cavan nəsil də dövlət dilini gözəl bilir. Amma yaşlı nəsil üçün Sovet dövrünü keçdiyi üçün Azərbaycan dilini öyrənmək çətindir. Rusca məlumat ala bilmədikcə ölkədki hadisələrdən xəbərsiz oluruq. Bundan əlavə rus dilində TV verilişlərinin , yaxud ayrıca bir kanalın olması ölkəmizi dünyada tanıtmağa da imkan verər." Azərbaycan "Ronahi" kürd mədəniyyət mərkəzinin sədri Fəxrəddin Paşayev kürdlərin erməni işğalından sonra bütün ölkə ərazisində yaşıdığını xatırladıb: "Kürdlərin kompakt yaşadığı rayonlar Ermənistanın işğalı altındadır. həmin rayonlardan zorla qovulmuş kürdlər də orada yaşayan Azərbaycan türkləri kimi bütün ölkə ərazisinə dağılıb. Kompakt yaşamadığımız üçün assimlyasiya ilə üz-üzəyik, uşaqlarımız kürd dilində təhsil alması mümkün deyil."  Azərbaycan talış mədəniyyət mərkəzinin sədri Rafiq Cəlilov talış dilində TV və radio verilişləri məsləsinə də diqqət çəkib. "Cəmyyətdə talış, ləzgi, kürd kəlməsindən bir qorxu var. Bizi toplumdan ayıranda bizdə inciklik və etimadsızlıq yaranır ",-deyib Cəlilov. Konfrans iştirakçıları ölkədə etnik azlıqların dilində tədrisin problemlərinə, müəllimlərin, kitabların çatışmamazlığına diqqət yönəldiblər. R.Cəlilov deyib ki, Masallıda idman müəllimi talış dilindən dərs deyir. "O, talış dilini bilə bilər, amma talış dili müəllimi deyil. Bu fakt talış dilində tədrisin səviyyəsini göstərir",-deyə Cəlilov vurğulayıb. Konfransın mövzusu cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrini cəlb edib. Konfransda çıxış edən evdar qadın Almaz Əliyeva uşaqları tərbiyə edərkən müxtəlif xalqlara qarşı sevgi və dözümlülük aşılamağı məsləhət görüb: "Mən də anayam. Atam ləzgi, anam isə tatardır. Övladlarımın tərbiyəsində bütün xalqlara hörmət və sevgi aşılamışam. Əgər uşaqlarda başqa xalqlara qarşı nifrət təbliğ etsək, cəmiyyətdə sevgi və dözümlülük görə bilmərik." Mikayılova Sevil, Koiplova Antonina , "Slavyan-türk hərəkatının" rəhbəri Adıgözəl Məmmədov , İ.Murtazaev də cəmiyyətdə etnik mədəniyyətlərin təbliğatına ehtiyac duyulduğunu vurğulayıb. G.İnanc layihənin iyun ayında davam edəcəyini deyib.