“Bandotdel” əməliyyat keçirdi- Həbs olunanlar var
28 May 2014 12:56 (UTC+04:00)
DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə
İdarəsinin əməkdaşları qanunsuz qumarxana fəaliyyətinin qarşısını
alıb.
"Qafqazinfo"ya DİN-dən verilən məlumata görə, Baş İdarə
əməkdaşlarının Gəncə şəhərində keçirdiyi əməliyyat tədbirləri
zamanı Cavadxan küçəsi 12 ünvanda qanunsuz "onlayn" qumar
oyunlarının təşkil edilməsi aşkarlanıb. Araşdırmalarla müəyyən
edilib ki, Gəncə şəhər sakinləri – 21 yaşlı Vüsal Məmmədzadə, 37
yaşlı Namiq Abbasov və 50 yaşlı Nofəl Rəfibəyli əvvəlcədən əlbir
olaraq obyekti icarəyə götürüblər və burada müxtəlif qumar oyunları
təşkil ediblər. Obyektə baxış zamanı daha 7 nəfər vətəndaşın da
qanunsuz qumar oyunlarında iştirakı müəyyənləşib. Vüsal Məmmədzadə
ifadəsində bildirib ki, o, qanunsuz futbol proqnozları vermək adı
ilə vətəndaşlardan külli miqdarda pul yığıb. Araşdırmalarla daha
sonra müəyyən edilib ki, Namiq Abbasov isə obyektin bir hissəsində
qanunsuz loto-kazino təşkil edib. Namiq Abbasov da bu yolla
vətəndaşların külli miqdarda pulunu mənimsəyib. Əməliyyatçılar
obyektdən qumar oyun proqramları yazılmış kompüter dəstləri,
monitorlar, qumar kuponları çap edən xüsusi printerlər, külli
miqdarda oyun kuponu və nəğd pul aşkarlayaraq götürüblər.
Saxlanılan 3 nəfər barəsində cinayət məcəlləsinin müvafiq maddəsi
ilə iş açılıb, istintaq araşdırmaları aparılır. Həmçinin qumar
oyunlarında iştirak edən digər şəxslər barəsində də qanunla nəzərdə
tutulmuş qaydada ölçü götürülüb.