Elnur Rüstəmov: " Prosesin kəskin xarakter
almasında televiziyalar da müəyyən mənada
günahkardır"
Ailədaxili zorakılıq hallarının sayının artması və bunun bəzi hallarda qan tökülməsi ilə nəticələnməsi getdikcə daha çox narahatlıq doğurur. Bu məsələ Şamaxı rayonunda dəhşətli qətl hadisəsindən sonra yenidən gündəmə gəlib. Qeyd edək ki, mayın 29-da Şamaxıda dəhşətli olay baş verib. Hadisə rayonun Sabir qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Şahməmmədov Feyruz Heybət oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı qardaşı oğlu Şahməmmədov Heybət Mais oğluna "Makarov" tapançası ilə atəş açaraq ayağından yaralayıb. Oğlunun əmisi tərəfindən güllələndiyini eşidən Şahməmmədov Mais Heybət oğlu qardaşı Feyruz Şahməmmədovun əlindən tapançanı alaraq onun ürək və baş nahiyəsinə iki dəfə atəş açıb. Feyruz Şahməmmədov hadisə yerində dünyasını dəyişib.
Ayağından xəsarət alan Heybət Şahməmmədov isə Şamaxı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Qardaşını qətlə yetirən Mais Şahməmmədov tutulub. Məlumata görə, mərhum Feyruz Şahməmmədov iki gün öncə qızına toy edib. O qızını başqa qardaşının oğluna ərə verib. Bu qəbildən olan ailə-məişət zəminində baş verən cinayətlər əvvəllər insanları şoka salırdısa, indi belə xəbərlər adiləşib.
Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, bu cür münaqişələrin cinayət hadisəsi ilə sonuclanmasının bir və əsas sayıla biləcək səbəbi maddiyatın mənəviyyatı arxa planda qoymasıdır: "Əvvəllər də ailələrdə belə münaqişələr olub. Amma çox nadir hallarda kişi arvadının, arvad isə kişisinin üstünə bıçaq qaldırıb. Çünki əvvəllər cəmiyyətimiz belə mənəvi aşınmalara məruz qalmamışdı. Ailə institutunu tənzimləyən maddi və mənəvi dəyərlər olsa da, maddi amillər mənəvi amilləri üstələyib".
Ə.Qəşəmoğlu həmçinin, ölkədə sosial-iqtisadi təbəqələşmənin də ailələrdə zorakılıq hallarının artmasına təsir etdiyi qənaətindədir: "İndiki şəraitlə ayaqlaşa bilməyəndə ailələrdə maddi problemlər ortaya çıxır. Bu da ailələrdə münaqişələrin sayını artırır".
Həmsöhbətimiz ailə üzvlərinin kriminal ünsürə çevrilməsində xarici təsirlərin də rol oynadığını düşünür. Sosioloqun fikrincə, hazırda seriallarda və digər verlişlərdə nümayiş etdirilən xarici həyat tərzi bir çox hallarda Azərbaycanda ailə modelini, ailə institutunu dağıtmağa hesablanıb: "Bu gün televiziyalar bəzən xaricdəki milli-mənəvi dəyərlərimizə, həyat tərzimizə zidd prinsipləri təbliğ edir. Lakin bu zaman həmin halın ailə institutumuza hansı zərbəni vurduğunun fərqində deyillər".
Sosioloq ailələrdə zorakılıq, ağır cinayət hadisələri ilə sonuclanan halların azalması üçün dövlətin ailəyə qayğısının artırılmalı olduğunu dedi: "Biz modern cəmiyyətdə yaşayırıq. Belə cəmiyyətdə dövlət ailəni himayə etməlidir. Biz cəmiyyətin mənəvi aşınmasının qarşısını almalıyıq".
"Təmiz dünya" təşkilatının sədri Mehriban Zeynalova da ailədaxili zorakılıq hallarının həddindən çox artdığını söylədi. Onun dediyinə görə, ailə zorakılığının qurbanı olan qadınların mərkəzə müraciətləri daim çoxalır: "Ailədə məişət zəminində ağır sonluqla nəticələnən hadisələrin artmasının bir səbəbini qadınların azad yaşamaq istəməsi, amma kişilərin bu azadlığa qarşı çıxması ilə əlaqəlidir. Əvvəllər kişi nə deyirdisə, qadın "baş üstə" deyib onunla razılaşırdı. Amma indi vəziyyət göstərir ki, qadınlar kişilərdən daha çox inkişaf edirlər.Yəni əvvəlki həyat tərzi ilə qadınlar razılaşmırlar. Bu isə kişilərdə qıcıq yaradır. Qadın itaət etməyəndə kişi ailədə başçı, idarəçi funksiyasının itirildiyini təsəvvür edir. Bu zaman ailədaxili zorakılıq halları baş verir". Təşkilat rəhbəri ailə daxilində sonu qanla nəticələnən hadisələrin sayının artmasını səbəbini ölkədə bugünə kimi "Ailə Zorakılığı" haqqında qanunun qəbul olunmaması ilə də əlaqələndiridi: "Biz ərini bıçaqlayan, baltalayan qadınlarla söhbət edirik. Onların çoxu çarəsiz qalıb bu kimi cinayətləri törətdiklərini söyləyir. Həmin qadınlar deyirlər ki, ərləri tərəfindən döyülüb təhqir edildikləri barədə polisə müraciət edəndə onları ələ salırlar. Üstəlik heç bir köməklik etməyib, təhqir edib yola salırlar. Naəlac və köməksiz qaldığını görən qadın cinayət törədir. "Ailə Zorakılığı" haqqında qanun qəbul olunarsa, bu kimi halların qarşısı əsasən alınar".
Psixoloq Elnur Rüstəmov isə iddia edir ki, ailədaxili zorakılıqların artmasında sosial-iqtisadi faktorlar əsas rol oynamır: "Əgər belə olsaydı, ailədaxili zorakılıqlar ancaq kasıb ailələrdə baş verərdi. Amma baş verən hadisələr göstərir ki, bu, belə deyil. Yəni başqa səbəblər də var. Bir səbəb ailədə qadının əvvəlki kimi kişiyə güzəştə getməməsidir. Digər tərəfdən isə ailələrə kənar müdaxilələr olur. Qohum-əqrəba vəziyyəti sakitləşdirmək əvəzinə, daha da qızışdırır. Prosesin kəskin xarakter almasında televiziyalar da müəyyən mənada günahkardır. Telekanallarda bəzən aqressiya təbliğ olunur. Bu gün cinayət verilişləri hadisəni olduğu kimi cəmiyyətə çatdırır. Bu hallar ailələrdə zorakılıq hallarının çoxalmasına təsir göstərir. Həmin veriliş efirə gedə-gedə, növbəti veriliş üçün material hazırlanır. Yəni başqa yerdə də bir cinayət hadisəsi baş verir. Bir sözlə, bu artım fazalar üzrə hər rübdə çoxalır".
Psixoloq bu gün zorakılığı təbliğ edən kinoların da insanların şüuruna təsir göstərdiyini bildirdi. Onun sözlərinə görə, belə kino və verilişləri izləyərkən insanın şüurunda "dağıdıcılıq" deyilən enerji artır: "İnsanlar bu enerjidən müxtəlif cür xilas olurlar. Bəziləri idmanla bu mənfi enerjidən xilas olur, digəri isə zorakılıq törətməklə. Bu halların sayının azalması üçün "Ailə Zorakılığı" haqqında qanunun qəbulu vacibdir".