Oğlunu evləndirmək istəyən Bakı sakininin evi uçurulub
31 May 2014 11:15 (UTC+04:00)
Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsi, 34
ünvanında yaşayan Adilə xanım oğluna toy çaldırmaq istəsə də, ayın
21-də evinin bir hissəsinin uçurulması bütün planlarını alt-üst
edib. Movqe.az ANS TV-ə istinadən xəbər verir ki, mətbəxinin bir
tərəfi uçduğundan xeyir iş üçün, evində təmir işlərinə başlayıb.
Bunun üçün həyətinə daş-qum da gətizdirib. Amma ərazi üzərə MİS
işçiləri o, evdə olmayanda yarımçıq tikilini uçurublar, üstəlik
bütün kommunikasiya xətlərini də sıradan
çıxarıblar.
Tikintinin uçurulmasına səbəb kimi isə evin
tikinti layihəsindən kənara çıxılması və sakinlərin istifadə etdiyi
səkinin zəbt olunması göstərilib. Amma Adilə xanım ortada başqa
versiyaların olduğunu deyir.
Ev sahibi ərazi üzrə MİS-ə və Nəsimi Rayon İcra
Hakimiyyətinə də müraciət edib. Lakin suallarına tutarlı cavab ala
bilməyib.
Biz də qaranlıq qalan məqamlara aydınlıq gətirmək
üçün yollandıq ərazi üzrə 59 saylı MİS-ə. Rəis Ələsgər Rüstəmov
şikayətçini və bizi qəbul edərək məsələyə aydınlıq gətirdi.
Sözügedən bir otaqlı yaşayış mənzilinin texniki pasportunda onun
qarşısında heç bir əlavə tikilinin göstərilmədiyini bildirdi. Onu
da əlavə etdi ki, uzun illər bu, evin qarşısında məhəccərə bənzər
kiçik tikili olub. Elə hər şey də Adilə xanımın həmin tikilinin
həcmini böyütmək istəyindən sonra başlayıb.
Hər halda aidiyyatı qurumlar Adilə xanıma çıxış
yolunu göstərdilər.Qalıb ev sahibinin bu, qərarla razılaşıb
razılaşmaması.