“1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü” Suraxanıda təntənəli qeyd edildi
31 May 2014 14:31 (UTC+04:00)
31 may 2014-cü il tarixdə "Uşaqları Beynəlxalq Müdafiə Günü"
münasibəti ilə Suraxanı rayonu Heydər Əliyev parkında çoxsaylı
uşaqların iştirak etdiyi möhtəşəm bayram tədbiri keçirilmişdir.
Movqe.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin
parkda ucalan abidəsini ziyarət etmiş, önünə tər güllər qoydular.
Sonra parkda uşaqların əl işlərinin nümayiş etdirildiyi sərgiyə
baxış oldu.
Xüsusi tərtibatla bəzədilmiş parkda bayram əhval-ruhiyyəsi hökm
sürürdü. Tədbirə aztəminatlı ailələrdən olan uşaqlar, valideyn
himayəsindən məhrum olan uşaqlar, məcburi köçkün ailələrindən olan
uşaqlar, eyni zamanda rayon ərazisində yerləşən uşaq bağçalarında
tərbiyə alan uşaqlar və kiçikyaşlı məktəblilər dəvət olunmuşdu.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova musiqili
fəvvarələr quraşdırılmış meydana bayram tədbirinə toplaşan çoxsaylı
uşaqları salamlayaraq onları "1 iyun-Uşaqları Beynəlxalq Müdafiə
Günü" münasibəti ilə təbrik etdi və bildirdi ki, uşaqlar dünyada
hamı üçün əzizdir. Dünyanın hər yerində uşaqlara qayğı və uşaqların
qorunması xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Uşaqları
Beynəlxalq Müdafiə günü on illərdir bütün dünyada qeyd edilir və
hər bir ölkə, hər bir dövlət uşaqları qorumağı, uşaqları müdafiə
etməyi özünün əsas vəzifəsi hesab edir.
Sevinc Hüseynova xüsusi vurğuladı ki, Azərbaycanda uşaqlara xüsusi
məhəbbət, xüsusi münasibət vardır. Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev, Heydər Əliyev Fondunun Prezidenti,
YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyeva daim uşaqlara diqqət və qayğı göstərirlər.
Sonra Səttar Bəhlulzadə və Qurban Abbasov adına mədəniyyət
saraylarının, 3 saylı musiqi məktəbinin kollektivləri, həmin
mədəniyyət saraylarında və musiqi məktəbində, dərnəklərdə məşğul
olan uşaqlar, uşaq bağçalarının uşaqları fəvvarələrin ətrafında
amfiteatrı olan meydanda konsert proqramı ilə çıxış etdilər. Bayram
şənliyi uşaqların sevinci ilə qarşılandı. Tədbirin sonunda
"McDonalds" şirkətinin və Qadın İnkişaf Cəmiyyətinin Suraxanı
rayonu üzrə sədri Şövkət Xanməmmədovanın təqdim etdiyi hədiyyələr
uşaqlara paylanıldı. Həmin gün eyni zamanda 2 saylı Uşaq Evində, 7
saylı Əqli cəhətdən qüsurlu uşaqlar üçün İnternat məktəbində
uşaqlar üçün bayram tədbirləri təşkil olundu.