ABŞ-da dəfələrlə istifadə oluna bilən "Orion" kosmik gəmisinin quraşdırılması başa çatdırılıb.
Movqe.az publika.az-a istinadən xəbər verir ki, NASA-nın saytında yerləşdirilmiş məlumata görə, aparat noyabrın 10-dək Floridadakı Merritt adasında yerləşən Kennedi adına Kosmik Mərkəzdə saxlanacaq. Sonra "Orion"u Kanaveral burnundakı kosmodromun buraxılış qurğusuna daşımaq planlaşdırılır.
Dekabrın 4-də orada gəminin ilk sınaq uçuşunun keçirilməsi nəzərdə tutulub. "Orion"u orbitə "Delta" nəslindən olan raketin çıxaracağı gözlənilir. Gəmi xidmət və yük modullarından ibarətdir. Onların ümumi kütləsi 20 tondan çoxdur. "Orion" gəmisinin yük modulu konusşəkilli formadadır, hündürlüyü üç metrdən çox, əsas hissəsinin diametri isə təqribən beş metrdir.
NASA yeni aparatdan insanların uzaq kosmosa, Ay orbitindən kənara uçuşları üçün istifadə etməyi planlaşdırır. "Orion" ilk insanın Marsa göndərilməsinə dair Amerikanın genişmiqyaslı proqramının tərkib hissəsidir. Bu yeni aparatın köməyi ilə 2020-ci illərdə NASA Aya yaxın asteroidi öyrənməyi planlaşdırır. O, həmin asteroiddən insanın Marsa çatdırılması üçün tranzit baza kimi istifadə etmək niyyətindədir.
NASA-nın mütəxəssisləri öz kosmos proqramlarının həyata keçirilməsi çərçivəsində 2018-ci ilədək "Space Launch System" (SLS) ağır daşıyıcı raketinin modernləşdirilməsini başa çatdırmağı planlaşdırır. Dəfələrlə istifadə oluna bilən "Orion" kosmik gəmisinin 2011-ci ildən istifadə olunmayan "Space Shuttle" və Rusiyanın "Soyuz" gəmilərini əvəz edəcək.