"Fikirləşəndə cəhənnəm əzabı kimi od yandırır canımı" - Flora Kərimova
3 Noyabr 2014 10:15 (UTC+04:00)
Movqe.az-ın məlumatına görə, Kult.az-ın BAŞI
DUMANLI layihəsində Azərbaycanın məşhur estrada və opera müğənnisi,
Azərbaycan Respublikasının xalq artisti Flora Kərimova Şuşa ilə
bağlı xatirələrini bölüşür.
"Çox xatirələrim olub Şuşada. Daha xatirələrdən də
keçib. Artıq əzabdır, ağrıdır, göz yaşıdır. Gələcəyə ümidliyəm ...
"O sal daşların üzərindən qalxacam, babamın yurdunun yanından
keçəcəm, o tut ağaclarını görəcəm" deyə çox ümidliyəm. "Heç vaxt
yaddaşımdan çıxmayan o sürüşkən daşlardan bir də düşəcəm" deyə
düşünürəm. Bizim evlə üzbəüz – çox da uzaq olmayan Şuşa türməsi var
idi. Mən yaşlananda artıq oranı boşaltmışdılar. Yəqin, indi orada
ermənilər bizim əsirləri saxlayırlar. Bax bunları fikirləşəndə
cəhənnəm əzabı kimi od yandırır canımı. Yadıma gəlir, sürüşkən
daşların üzərində oynayanda yaşlı insanların məni "ay qızım, ay
qızım" deyib əzizləmələri, oxşamaları... İndi Allah bilir, həmin
yerlərdən nə zarıltılar gəlir. Təsəvvürüm nə qədər sönük olsa da,
müharibənin həqiqətləri və düşündüklərim ağırdan da ağırdır. Yoxdur
artıq mənim Şuşalı günlərim, yoxdur. Çünki Şuşam yoxdur. Qarabağ
boyda dərdim var. Yunan mifologiyasına görə, Zevs dünyanı
çiyinlərində saxlayır, bəlkə də, o ağırlığa dözməyən dərdim var.
Şuşanın son günlərinə qədər elə hey anama "gedək" deyirdim, mənə
görə də gedə bilmirdik. Çünki yaradıcılığımın elə dövrü idi ki, mən
artıq "Flora Kərimova" idim və mənim hər günüm dolu olurdu. Elə "bu
gün gedərik, sabah gedərik" deyə-deyə günlər keçdi, təəssüf ki,
getmək anama qismət olmadı. Sonra da ermənilərin müharibəsi
başladı. Onda lap qovruldum "anama o yerləri görmək nəsib olmadı"
deyə. Uşaq ikən anamla çətinliklə Şuşaya gəldiyimiz günləri indi
yada salıram. Birbaşa qatar yox idi. Yevlaxa, ordan da Şuşaya
gəlirdik. O vaxt o yolların qədrin bilmirdim. Yolda hər dayanacaqda
saxlayırdılar qatarı. Vağzalda kimin gücü nəyə çatırdı satırdı.
Yadımdadır, anam ya pəncərədən, ya da düşüb perrondan nəsə alırdı
elə bəh-bəhlə verirdi ki, mənə aldığını elə bilirdim, mənə
dünyaları bağışlayır. O vaxt qulaq batıran o səs-küy indi inanın
ki, mənə bayram səsləri kimi gəlir.
O vaxt yadımdadır, Şuşada "Dom otdıx" var idi.
Axşamlar hamı yığışıb istirahət edər, əylənərdi. Avropa və milli
rəqslər oynanılardı. O vaxt "dəmir pərdələr" deyə bir dövr idi,
xaricilərin gəlişi demək olar, qadağan idi. Tək-tük hallarda
xaricilər görmək olardı.
Bizdə rayonda məhlə-məhlə dostluqları var idi.
Məhəllə yığılardı, inanın ki, bir günə bir ev tikərdilər.
Qaynayıb-qarışmaq var idi. Düzdür, harda qadın varsa, orda
dedi-qodu da olurdu. Amma xeyirdə-şərdə həmişə bir yerdə
toplanardılar. Sonra gəldilər şəhərdə blok-blok yaşadılar. İndi
hərə ayrı-ayrı yerlərdədir. Hərənin öz evi, öz
mənzili...
Şuşa da hər yeri gəzmişəm babamla – İsa bulağını,
İstisunu. Gəzdiyimiz bütün yerlərin də xatirə fotoları var məndə.
Bir dəfə... Təxmini 12-15 ilin söhbətidir, televizorda işğal
olunmuş Şuşanı göstərdilər. Bazardan bir az aşağı düşəndə, türmə
tərfdə sürüşkən daş var idi. Kadrlarda həmin yeri göstərdilər.
Qeyri-ixtiyarı məndən bir qışqırıq qopdu gəl-görəsən. Həyəcanımı
boğa bilmirdim. Ot-kol basmışdı, amma yenə də o yolu tanıdım.
Qızımı çağırdım ki, o yerləri göstərim, amma gec
oldu.
Mən ermənilərin arasında olan yaxşıları pislərlə
qarışdırmıram. O millətdən mənim yaxşı dostlarım olub. Mənim
mahnımı sevənlər, millətimə hörmət edənlər olub. Yenə deyirəm,
mənim mahnılarımın fanatı olan Rusiyada yaşayan ermənilər var ki,
Novruz bayramı keçirdilər və hər bayramda zəng edib təbrik edib,
ağlayırdılar. Son beş ildir, əlaqələrimiz kəsilib. Heç bilmirəm
hansı sağdır, hansı yox. Pislik millətlə deyil, vicdanla
ölçülür.
Bir də qəbul etmirəm quru vətənpərvərliyi.
Yadımdan çıxmaz, bir dəfə konsertə getmək ərəfəsindəydim. Hərbi
hospitalda amneziyadan əziyyət çəkən bir gənci tez-tez ziyarətə
gedərdim. Bir dəfə hospitalda bir nəfər özünü mənə göstərirmiş kimi
başladı ki "Qarabağı onlardan geri alacağıq, hasarların başından
onların körpələrinin başlarını asdıracam". Əsəbdən rus dilində
"rədd olsun" dedim həmin adama. Mənim millətimin körpə başını
hasardan asdıracaq qədər qəddar olmasını istəmirəm. Doğrudan da, bu
qədər sözdə özündən əminlik, yalançı vətənpərvərlik lazım deyil.
Yenə də ümidimi itirmirəm.