Prezident İlham Əliyevin reytinqi yüksək olaraq qalır

3 Noyabr 2014 21:34 (UTC+04:00)

Movqe.Az Azərtac-a istinadən xəbər verir ki, "Rəy" Monitorinq Mərkəzinin bu günlərdə Bakıda keçirdiyi "omnibus" tipli ictimai rəy sorğusunun nəticələri göstərir ki, paytaxt əhalisinin əksəriyyəti dövlətimizin başçısını dəstəkləyir. Monitorinq Mərkəzinin məlumatına görə, sorğu zamanı məlum olub ki, prezident seçkiləri gələn bazar günü keçirilsəydi, səsvermə məntəqələrinə gələcək respondentlərin əksəriyyəti (83 faiz) öz səsini hazırkı dövlət başçısına verərdi.

Bakı sakinlərinin 65 faizi Azərbaycan Prezidenti vəzifəsində İlham Əliyevə alternativ görmür. Respondentlərin 82 faizi "İlham Əliyev sizin maraqlarınıza cavab verirmi" sualını müsbət cavablandırıb.

Rəyi soruşulanların 68 faizi isə ölkədə işlərin düzgün istiqamətdə getdiyini düşünür.

"Omnibus" tipli ictimai rəy sorğusu cari il oktyabrın 17-dən 21-dək keçirilib. Yaşayış yeri üzrə üzbəüz müsahibə yolu ilə keçirilən sorğuya 18 yaşdan yuxarı 1300-ə yaxın sakin cəlb olunub. Sorğu nəticələrinin statistik nisbi xətası 3,4 faizdən çox deyil.