Son 2 ildir bank sektorunda kreditlərin həcminin artmasında taksit sisteminin də mühüm rolunun olduğu müşahidə olunur. Artıq insanlar adi kreditdən çox taksit kreditlərinə üstünlük verirlər. Halbuki, taksit kreditlərinin faiz dərəcəsi adi kreditlərin faiz dərəcəsindən yüksəkdir. İqtisadçılar bu təzadı müxtəlif aspektlərdən izah edirlər.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirdi ki, taksit kredit kartlarlarının geniş istifadəsinə səbəb ilk növbədə güclü reklam kampaniyaasının aparılmasıdır: "Taksit kartlarının reklam kampaniyası digərlərindən daha cəlbedicidir. Taksit kreditlərinin şərtləri də çox cəlbecidir. Ona görə də əhalinin böyük əksəriyyəti taksit kreditlərinə üstünlük verirlər. Amma artıq bu kreditlərdən istifadə edənlərin sayı getdikcə azalır. Düzdür, bir müəddət artım çox sürətli baş verdi. Sonradan insanlar belə kreditlərin qaytarılmasının asan olmadığını gördülər. Bir sıra hallarda məlumatsızlıq, şərtlərin düzgün izah olunmaması səbəbindən insanlar bu kartlardan ziyana düşməyə başladılar. Pulu vaxtında ödəmədilər. Sonradan məlum oldu ki, bu katlarla məhdud sayda dükanlardan alış-veriş etmək mümkündür. Əhali gördü ki, eyni mal başqa yerdə daha ucuzdur. Halbuki, reklamda deyilir ki, burada heç bir faiz tutulmur. O baxımdan insanlar bu kreditlərdən qazancın nədən ibarət olduğunu anladılar. Ona görə də getdikcə taksit kartlarında istifadə edənlərin sayı azalır. Hazırda daha çox məlumatsız insanlar bu kredit kartalarından istifadə edir. Bilənlər artıq həmin kartlardan imtina etməyə başlayıblar. Bunun da əsas səbəbi taksit kreditlərinin baha, orada əlavə ödənişlərin olmasıdır. Hətta bəzi banklar illik xidmət haqqı tutur. Halbuki, reklamda belə nüans vurğulanmır. Odur ki, getdikcə ölkəmizdə taksit kreditlərinə maraq azalır".
İqtisadi və Sosial İnkişaf Mərkəzinin iqtisadçısı Nərmin İbrahimova hesab edir ki, son zamanlar taksit kreditlərindən istifadənin genişlənməsi daha çox böyük şəhərlərin əhalisi hesabına baş verir: "Lakin bütövlükdə ölkə üzrə demək olmaz ki, taksit kreditlərinin həcmi adi kreditlərlə müqayisədə böyükdür. Çünki, rayonlarda əhali arasında taksit kreditləri o qədər də populyar deyil. Həmçinin, taksit kreditləri adətən müəyyən kampaniyalar əsasında verilir. Belə ki, banklar müəyyən sayda mağazalarla imzaladıqları müqavilələr hesabına kampaniyalar həyata keçirir. Beləliklə, müştəriləri cəlb edə bilirlər. Lakin həmin mağazaların sayı məhduddur. Bu, o deməkdir ki, taksit kreditləri üçün seçim imkanları da azdır. Qeyd etmək lazımdır ki, taksit kreditləri istehlak kreditlərinin bir formasıdır. Taksit kreditlərinin faiz dərəcələri 25-35% arasında dəşiyir. Buraya komisyon xərcləri də daxildir. Göründüyü kimi, taksit kreditləri üçün faiz dərəcələrinin yüksəkdir".
Xanım İbrahimova əlavə etdi ki, ölkədə faiz dərəcələrinin müəyyən bir çərçivədə olması üçün müvafiq qanunvericlik aktlarının qəbul edilməsi vacibidir: "Məsələnin yerli mətbuatda dəfələrlə səsləndirilməsinə baxmayaraq, istehlak kreditləri haqqında qanun qəbul edilməyib. Bu da öz növbəsində taksit kreditlərinin faiz dərəclərinin nizamlanmasına nəzarəti azaldır. Bundan başqa, rəqabət mühiti formalaşmalıdır. Rəqabət artdıqca, faiz dərəcələri müvafiq şəkildə tənzimlənəcək, azalma müşahidə ediləcək".