Bərbərlik peşəsi tarixindən üç məşhur fakt

5 Noyabr 2014 09:19 (UTC+04:00)

Bərbər qədim və hörmətli peşədir. Xarici görünüşünə qayğı bütün dövrlərin insanları üçün təbii olub, lakin bərbərlərə yalnız bu səbəbə görə ehtiyac duyulmur.

Yaponiyada Edo dövründə (1603-1867-ci illər) kişilərin əksəriyyəti alınlarını və təpələrini qırxmalı, qalan saçlarını isə ciddi olaraq müəyyən üsulla yığmalı idilər. Buna görə də ölkədə sayı kifayət qədər çox olan bərbərlər üçün iş həmişə tapılırdı. Onlar müştərilərlə səhərdən gecəyə kimi rahatlıqla söhbət edərək baş və üz qırxırdılar və beləliklə, şəhərdəki bütün yeniliklər və qeybətlərdən xəbərdar olurdular.

Tezliklə paytaxtın hakim dairələri bərbərlər üçün onların gündəlik əməyindən heç də az faydalı olmayan əlavə iş fikirləşdilər. Yaponiyanın əhalinin sıx məskunlaşdığı əsas şəhəri Edo həmin vaxtlar taxta evlərdən tikilmişdi və burada yanğınlar hər dəfə dəhşətli fəlakətlərə səbəb olurdu: bütöv məhəllələr yanır, yüzlərlə insan məhv olurdu. Qəsdən törədilmiş yanğınların səbəbkarları ciddi şəkildə cəzalandırlsa da, bu, quldurları, inşaat materialları satan insafsız tacirləri, soyğunçuları və hətta qəlbi sındırılmış qızları bu yanğınları törətməsinin qarşısını ala bilmirdi.

Və bundan narahat olan Edonun hakim dairələri potensial yanğın törədənləri... bərbərlər vasitəsilə tapmaq qərarına gəliblər. Paytaxt bərbərlərindən ibarət böyük dəstələr hər səhər öz müştərilərinin qeybəti zamanı yanğın və digər cinayətlər haqqında eşitdikləri ən kiçik eyhamlar barədə məhəllə polisinə məlumat verməli idilər. Nəhayət, bərbərlərin sayəsində dəfələrlə yanğın və cinayətlərin qarşısını almaq mümkün olurdu.

Şüşə və betondan inşa edilmiş müasir Yaponiya şəhərləri üçün isə yanğın o qədər də təhlükəli deyildir. İndi başqa bir fəlakət daha aktualdır. Yaponiya artıq on illərdir ki, intihara görə dünyada yüksək yerlərdən birini tutur. Tarixən belə alınıb ki, yapon mədəniyyətində intihara dini və mənəvi qadağa qoyulmayıb. Əksinə, hələ ötən əsrdə borca görə özünəqəsd şərəfli iş hesab olunub. Digər qədim ənənələr- ailə qarşısında, xüsusilə yaşlı nəsl qarşısında təhsil və xidmətdə uğura görə hədsiz təmkinlilik və böyük məsuliyyət bu gün də mövcuddur.

Təsadüfi deyil ki, həyat və işlərin qızğın ritmində Yaponiya meqapolislərinin bir çox sakinləri daim stress vəziyyətində olur. Uğursuzluqlar və yorğunluq depressiya və intiharlara səbəb olur: xüsusilə işlərini itirən və ya imtahanda uğursuzluğa düçar olan adamlar daha çox intihar edirlər.

2010-cu ildə Toyama şəhərinin qanunvericilik məclisi bu problemin həlli üçün qeyri-standart həll variantı tapıb: o, bərbərlər üçün xüsusi proqram hazırlayıb və bərbərləri ilk psixoloji yardım kurslarına dəvət etməyə başlayıblar, çünki qayçıların cingiltisi və fenlərin səsi altında bir çox adamlar hiss etmədən onları narahat edən problemlər haqqında danışmağa meylli olurlar. Indi ixtisaslı bərbər müştəriyə ürəyini boşaltmağa, stressi çıxartmağa kömək edə bilir, xüsusi hallarda isə ona peşəkar psixoloqun yanına getməyi məsləhət görür və onun telefon nömrəsini müştəriyə verir.

Avropada qədimlərdə bərbərlərə təkcə saç kəsdirmək, saç burdurmaq və üz qırxdırmaq üçün müraciət etmirdilər. Onlar orta əsrlərdə eyni vaxtda stomatoloq və cərrah kimi də fəaliyyət göstərirdilər: diş çıxardır, yaraları təmizləyir, sümükləri yerinə salır və hətta aşağı və yuxarı ətrafları amputasiya edirdilər. Bərbərlər həmçinin qədim yunanların dövründən başlayaraq XIX əsrin sonuna qədər bir çox xəstəliklərə qarşı vasitə və demək olar ki, bütün xəstəliklər üçün lazımi profilaktika hesab edilən qanalma mütəxəssisi kimi də işləyiblər.

Indi də Avropa və ABŞ küçələrində bu ənənənin izlərinə- bəzən hipnoz təsəvvürü yaradaraq dövr edən qırmızı-ağ zolaqlı silindrə rast gəlmək mümkündür. Bu, bərbərlik sütunudur və müvafiq müəssisələr üçün lövhə rolunu oynayır. Onun üzərindəki qırmızı zolaq qanalma zamanı pasientin əlindən qaba axan qanın töküldüyü bintdir. Amerikalılar zaman keçdikcə qırmızı zolağa dövlət bayrağının rəng çalarlarından biri olan göy rəngi də əlavə ediblər.